“Hər yerdə Azərbaycanın nümayəndəsiyəm” Siyasət

“Hər yerdə Azərbaycanın nümayəndəsiyəm”

Hulusi Kılıç: "Heç bir əcnəbi diplomat mənim yanımda Azərbaycanın əleyhinə danışa bilməzdi"

"İki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasındakı əlaqələr hər sahədə çox yüksək səviyyədədir. Bununla fəxr edirəm".
Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, hazırda Türkiyə Xarici İşlər Nazirliyinin Afrika ölkələri İdarəsinin rəisi vəzifəsində çalışan Hulusi Kılıc deyib.
Diplomat xatırladıb ki, prezidentlər, baş nazirlər, digər nazirlər vəzifəyə təyin olunanda ilk səfərlərini qardaş ölkələrə edirlər:"Münasibətlərimizin necə olduğu barədə başqa bir söz deməyə ehtiyac yoxdur hər halda. Liderlərin ölkələrimiz haqqında dedikləri sözləri xatırlayaq:
Mustafa Kamal Atatürk: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir".
Heydər Əliyev: "Biz bir millət, iki dövlətik".
Rəcəp Təyyub Ərdoğan: "Türkiyə-Azərbaycan tək ürəkdir".
İlham Əliyev: "Bir millətin iki diasporası olmaz".
Əhmət Davudoğlu: "Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaqdır. Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaqdır".
H.Kılıc bildirib ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı çox sevən, Azərbaycana heyran bir şəxsdir:"Siyasi fəaliyyətində hər zaman Azərbaycanın yanında olub, Avropa Şurası Parlament Assambleyasının sədri olduğu dövrdə haqlı mübarizəsində Azərbaycana kömək edib. 2014-cü ildə xarici işlər naziri təyin olunduqda ilk xarici səfərini Azərbaycana etdi. Mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarova, "Çox yoruldun. Get bir az istirahət et. Mən Azərbaycanın xarici işlər naziri vəzifəsini də icra edərəm. Onsuz da bir-birimizə oxşayırıq" - demişdi. Çox səmimi zarafat idi. Həqiqətən də Azərbaycan üçün hər yerdə əlindən gələni edir".
H.Kılıc Azərbaycanda diplomatik fəaliyyəti başa çatdıqdan sonra 15 sentyabr 2012-ci il tarixində Türkiyə Respublikası Xarici İşlər Nazirliyində Afrika Ölkələri İdarəsinin rəisi vəzifəsində işə başladığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyə Afrika ölkələri ilə 2005-ci ildən sonra münasibətlərini inkişaf etdirməyə başladı:"2009-cu ildə səfirliklərin sayı 12 idisə, hazırda 39-a çatıb. Afrika Türkiyə üçün çox önəmli bir qitəyə çevrildi. Mənim baxdığım Səhraaltı Afrikada 49 dövlət var. Hazırki vəzifəmdə də Azərbaycanın bir nümayəndəsi kimi çalışıram. Ankarada əgər Afrika ölkələrinin 8 səfirliyi fəaliyyət göstərirdisə, indi onların sayı 32-yə çatıb. Bu il Afrikadakı səfirliklərin sayını 40-a çatdırmaq niyyətindəyik. Afrika ölkələri ilə siyasi və iqtisadi əlaqələr çox inkişaf etdi. Ticarət dövriyyəsi 10 dəfə artdı. Afrika qıtəsi Asiyadan sonra dünyanın ən böyük qitəsidir. Avropadan da 3 dəfə böyükdür.
2014-cü ildə Ekvador Gineyasının paytaxtı Malaboda 2-ci "Türkiyə-Afrika Zirvəsi" keçirildi. 3-cü Zirvə 2019-cu ildə İstanbulda keçiriləcək. Bu çox önəmli vəzifədir və öhdəsindən gələ bildiyimə görə şadam. Afrikada Türkiyəni çox sevirlər və bu həm də Azərbaycanımız üçün bir qazancdır. Çünki Azərbaycan səfirliyinin olmadığı ölkələrdə Türkiyə səfirlikləri Azəbaycan səfirlikləri kimi çalışır".
Azərbaycana böyük sevgisi olduğunu deyən diplomat əlavə edib ki, Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaq, Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaq deməkdir:"Mənim Azərbaycana qarşı olan sevgim hər kəsə məlumdur. Azərbaycanda gördüyüm yaxın dostluq, qardaşlıq, əməkdaşlıq və mənə göstərilən məhəbbət həyatımda silinməz bir iz qoydu. Heç bir əcnəbi diplomat mənim yanımda Azərbaycanın əleyhinə danışa bilməzdi.
Necə ki, İlham Əliyev Praqada "Türkiyə Cümhuriyyəti burada yoxdur, amma mən burdayam" dedisə, mən də eynisini təkrar edirəm. Hər yerdə Azərbaycanın nümayəndəsiyəm. Azərbaycanlı bir diplomat mənə "Hulusi bəy, siz Azərbaycanın Azəbaycandakı səfirisiniz" deyirdi. Bu ifadənin mənəvi dəyəri çox böyükdür. Səfirlərdən biri isə mənə "sən tamamilə bir Azərbaycan milliyətçisisən", demişdi. Mən də ona Azərbaycan milliyətçisi olmağımla fəxr edirəm" dedim. Bilirsiniz ki, Qarabağ münaqişəsi ilə bağlı tez-tez fikrimi bildirirdim. Yenə də deyirəm, Qarabağla bağlı BMT-nin 4 qətnaməsi var. O torpaqlar Azərbaycanındır, qədim Türk torpağıdır və tezliklə geri qaytarılmalıdır.
ATƏT-in Minsk qrupu daha fəal olmalıdır. Çox vaxt itirdik. Bizim heç kim ilə düşmənçiliyimiz yoxdur. Ermənilər Azərbaycan torpaqlarını qaytarsın və biz də sərhədləri açaq. Regionda sülh və sabitliyin olması inkişafa gətirib çıxarar. Bölgədəki iqtisadi inkişafdan Ermənistan da yararlansın".
Səfir bildirib ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, PETKİM- Star rafinerisi, TANAP kimi çox önəmli layihələr var:"Bu lahiyələrin vacibliyini çox yaxşı bilirəm. TANAP layihəsi Bakıdakı səlahiyyətim dövründə başladı. Görüşlərdə iştirak edirdim. Layihə başa çatanda Azərbaycanımız çox mühüm yer tutacaq".