“Azərbaycanın təkbaşına qələbəsinə şərik axtarması...” Siyasət

“Azərbaycanın təkbaşına qələbəsinə şərik axtarması...”

Mübariz Əhmədoğlu: "Rusiya üçün ciddi geosiyasi problem yarada bilər"



"Azərbaycan ordusuna Azərbaycanın siyasi rəhbərliyindən başqa, heç bir yerdən, heç bir əlavə göstəriş gəlməyib".
Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoruMübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsindəki son durumu şərh edərkən səsləndirib:"Dağlıq Qarabağ münaqişəsindəki son vəziyyət Azərbaycan ordusunun yaratdığı vəziyyətdir. Azərbaycan ordusuna Azərbaycanın siyasi rəhbərliyindən başqa, heç bir yerdən, heç bir əlavə göstəriş gəlməyib.
Azərbaycan ordusu öz gücünə o qədər arxayın idi ki, hətta səfərbərlik elan etmək barədə düşünmədi. Öz xalqından səfərbərliyini arxa plana keçirən ordunun başqa dövlətin hərbçilərinə müraciət etməsi, başqa dövlətin hərbçilərini hərbi əməliyyatlara qoşması absurddur.
Bunlar sadəcə ermənilərin uydurmalarıdır. Ermənilər miflərin əsarəti altındadır və belə düşünürlər ki, Azərbaycan rəhbərliyi, Azərbaycan ordusu təkbaşına belə uğur qazana bilməz.
Ona görə, Türkiyənin adını hallandırırlar və Rusiya bu ölkənin ictimaiyyətini həmin fikrə inandırmağa çalışırlar. İndi Rusiya ilə Türkiyə arasında münasibətlər gərgindir. Bundan istifadə edərək ermənilər süni surətdə Rusiya-Ermənistan birliyinə qarşı Türkiyə-Azərbaycan birliyi ideyasını irəli sürmək istəyirlər".
M.Əhmədoğlu Rusiyanın yüksək dövlət rəsmilərinin Qarabağ cəbhəsindəki son gərginliyə görə Türkiyəni ittiham etmələrinə də toxunub:"Rusiya baş nazirinin, eləcə də RF Xİ nazirinin Türkiyənin adının hallandırması kifayət qədər ciddi araşdırılmalı məsələdir. Əgər Rusiyada kiçik bir Ermənistanın müstəqil siyasət aparmağına inanıb, Ermənistandan təxminən 4-5 dəfə böyük və güclü olan Azərbaycanın müstəqil siyasət aparmağına inanmırlarsa, bu artıq Rusiyanın siyasi elitasının problemidir.
Eləcə də bu gün Rusiya əgər Azərbaycanın müstəqil siyasət aparmadığını, Azərbaycanın siyasətinə Türkiyə təsir etdiyini düşünürsə və belə başa düşürsə, yaxın illərdə Rusiyanın Yaxın Şərq siyasətində bu ciddi problemlər yaradacaq. Çünki Rusiya-İran, Rusiya-Türkiyə münasibətlərində problemlərin və qeyri-müəyyənliklərin fonunda Rusiya-Azərbaycan münasibətlərində Rusiya tərəfindən problemin yaradılması Rusiyanın Yaxın Şərq siyasətinə təsirsiz ötüşməyəcək.
Rusiyada bəzilərinin nəzərinə çatdıraq ki, Kosovonun müstəqilliyinin tanınması məsələsində Azərbaycanın Türkiyə ilə münasibətlərində yalnız öz maraqlarını əsas götürdüyünün sübutu var. Türkiyə Kosovonun müstəqilliyini tanıdı. Çünki Türkiyə NATO dövlətidir, Amerikanın müttəfiqidir, müsəlman dövlətidir. Azərbaycan isə ərazi bütövlüyü prinsipini dəstəklədiyi üçün Kosovonun müstəqilliyini tanımadı".
M.Əhmədoğlu əlavə edib ki, baş verən bu proseslər fonunda Rusiyadakı erməni icması da Rusiya-Azərbaycan münasibətlərini korlamağa yönəlik fəaliyyətini artırıb:"Rusiyadakı erməni icması tam gücü ilə fəaliyyətdədir. Məqsədi yalnız Rusiyaya ziyan vurmaqdır və bu gün Rusiya-Azərbaycan münasibətlərini korlamaqla müasir Rusiyaya ən böyük zərbələrdən birini vurmuş olacaqdır".