İran səfiri Mətbuat Şurasında media rəhbərləri ilə görüşüb Siyasət

İran səfiri Mətbuat Şurasında media rəhbərləri ilə görüşüb

Bu gün Mətbuat Şurasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə səfir Möhsün Pakayinlə yanaşı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvləri, aparıcı KİV rəhbərləri və səfirlik əməkdaşları iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə çıxış edərək deyib ki, Azərbaycan Mətbuat Şurası media ilə hakimiyyət arasında "körpü" rolunu oynayır: "Bu gün Azərbaycanda 40-a yaxın qəzet çap olunur, 15-ə yaxın regional televiziya və radio yayımlanır. Azərbaycanda media tam azaddır. Ölkədə hər həftə xəbər portalı yaradılır. Bütün bunlar Azərbaycan mediasının vəziyyətini sübut edən göstəricilərdir".
İranla Azərbaycan arasında yaxşı dostluq və qonşuluq münasibətlərinin olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: "Bu gün İranla Azərbaycan arasında bərabər hüquqlu dostluq və qonşuluq münasibətləri vardır. İranla Azərbaycan arasında yüksək səviyyəli əlaqələrin qurulması Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə düşür. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu əlaqələr daha da inkişaf etdirilməyə başlayıb. İndi İranla Azərbaycan arasında iqtisadi, mədəni, beynəlxalq və digər sahələrdə yaxşı əməkdaşlıq mövcuddur".
Daha sonra Əflatun Amaşov səfir Möhsün Pakayinə Azərbaycan və İran mediası arasında yaxşı əməkdaşlığın qurulması üçün göstərdiyi xidmətlərinə görə Mətbuat Şurasının Fəxri Diplomunu hədiyyə edib.
Səfir Möhsün Pakayin isə bildirib ki, bu gün iki ölkənin bütün sahələri üzrə yüksək əməkdaşlıq mövcuddur: "Belə əməkdaşlıqdan birini də iki ölkənin mediası arasında olduğunu söyləmək olar. Bu gün dünyada siyasi diplomatiya ilə yanaşı, media diplomatiyası da mühüm əhəmiyyət kəsb edir. İndi media dünyada sülhün bərqərar olması üçün əvəzsiz rola malikdir. Xoşbəxtlikdən Azərbaycan və İran arasında çox yaxşı dostluq münasibətləri var. Təbii ki, bu münasibətlərin qurulmasında medianın da rolu böyükdür.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edib ki, İran-Azərbaycan münasibətlərinin inkişafında Möhsün Pakayinin böyük xidmətləri var: "Ümumiyyətlə, İranla Azərbaycanın maraqları üst-üstə düşür, bu gün milyonlarla soydaşımız İranda yaşayır, oranın idarə olunmasında iştirak edir. Bu, bizim üçün qürur mənbəyidir".
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin diplomatik missiyasının müddəti başa çatır. Onu bu vəzifədə İran parlamentinin Urmiyadan olan keçmiş deputatı Cavad Cahangirzadə əvəz edəcək. C.Cahangirzadə İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olub.
M.Pakayin 2012-ci ilin oktyabr ayından İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.