Ukrayna azərbaycanlıları Poroşenkoya məktub göndəriblər Siyasət

Ukrayna azərbaycanlıları Poroşenkoya məktub göndəriblər

Ukraynada yaşayan azərbaycanlılar ölkə prezidenti Pyotr Poroşenko və daxili işlər naziri Arsen Avakova məktub ünvanlayıblar.
Ukrayna Azərbaycanlıları Konqresi Ali Məclisinin sədri Akif Gülməmmədov APA-ya bildirib ki, məktub sentyabrın 14-də Ukrayna Daxili İşlər Nazirliyinin qarşısında azərbaycanlıların keçirdiyi etiraz aksiyasından sonra göndərilib.
Məktubda aksiyadakı tələblər bir daha xatırladılaraq bildirilib ki, azərbaycanlılara qarşı cinayətlərin pik həddinə çatması yarım milyona qədər azərbaycanlı üçün Ukraynanı təhlükəli ölkəyə çevirib. Məktubda dərhal bu hadisələrinin qarşısının alınması tələb olunub.
Məsələnin Ukrayna hökumətinin nəzarətində olduğunu söyləyən Akif Gülməmmədov bildirib ki, bu günlərdə Daxili İşlər Nazirliyində azərbaycanlı icma rəhbərlərinin qəbulu gözlənilir: "Əgər tələblərimiz yerinə yetirilməsə, cinayətlər davam etsə, biz daha geniş tədbirlərə əl atacağıq. Bununla bağlı toplantımız olacaq və qərarlar qəbul edəcəyik".
Xatırladaq ki, sentyabrın 14-də Ukraynada azərbaycanlılara qarşı artan adam oğurluğu, qətl və silahlı basqın halları ilə əlaqədar bu ölkə Daxili İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirilib. Azərbaycanın baş prokuroru Zakir Qaralov isə bu faktlarla bağlı Ukraynanın baş prokuroru Yuriy Lutsenkoya müraciət edib.