“Azərbaycan multikultural ənənələri özündə birləşdirən ölkə kimi tanınır“ Siyasət

“Azərbaycan multikultural ənənələri özündə birləşdirən ölkə kimi tanınır“

"Dini dəyərlərin qorunduğu Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yahudilər və digər etiqad sahiblərinin dinc və sülh şəraitində yaşaması uca yaradana xoş gedən məqamlardandır".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusundakı dəyirmi masada deyib.
QMİ sədri bildirib ki, Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın dövlət səviyyəsində nümayiş etdirildiyi nümunəvi məkan kimi tanınır: "Azərbaycan sivilizasiyalar arasında mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Azərbaycanda din-dövlət münasibətlərinin əsasını xalqımızın ümumilli lideri Heydər Əliyev qoyub. Bu gün Azərbaycan dünyada qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycanda müxtəlif xalqların nümayəndələri birlikdə yaşayır. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan olunması bir daha göstərdi ki, Azərbaycan tolerant ölkədir və bu ənənə tarixi səciyyə daşıyır".
A. Paşazadənin sözlərinə görə, Azərbaycan dünyada multikultural ənənələri özündə birləşdirən və bu ənənələri yaşadan ölkə kimi tanınır: "Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar, bu gün də yaşamaqdadır".