“Nifrət sağlam düşüncəyə qalib gəldi” Siyasət

“Nifrət sağlam düşüncəyə qalib gəldi”

Qüdrət Həsənquliyev: "Amerika siyasi elitası və mətbuat zamanında körüklədiyi nifrətin qurbanı oldu"

Seçkilərin nəticələri göstərdi ki, Amerika cəmiyyətində islamafobiya, irqçilik, miqrantlara qarşı nifrət bizim düşündüyümüzdən də dərin köklərə malikdir.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-da keçirilən seçkilərin nəticələri ilə bağlı partiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib.
Qüdrət Həsənquliyev ABŞ-dakı seçkilər barədə məlumatların bütün dünyada bu ölkənin kütləvi informasiya vasitələrindən alındığını vurğulayıb: "Kütləvi informasiya vasitələri Klintonu dəstəkləyirdi. ABŞ-ın siyasi elitası da, transmilli korparasiyalar da, dövlət hakimiyyət orqanları da Kilintonu müdafiə edirdi. Klinton peşəkar siyasətçi kimi bir çox keyfiyyətlərinə görə rəqibi Trampı üstələyirdi. Onun seçki platforması da daha rasional idi. Mən də daxil olmaqli çoxları onun qalib gələcəyini proqnazlaşdırırdı. Keçirilən bütün rəy soğularında Hillarinin öndə olmasına baxmayaraq o uduzdu. Keçirilən rəy sorğularınin da saxtalaşdırıldığı ortaya çıxdı".
BAXCP sədrinin qənaətinə görə, seçkilərin nəticələri Amerika cəmiyyətində islamafobiya, irqçilik və miqrantlara qarşı nifrətin bizim düşündüyümüzdən də dərin köklərə malik olduğunu ortaya qoyub: "Bu iki faktor və əhalinin 65%-nin ağ dərili olması Trampın qələbəsini təmin etdi. Nifrət sağlam düşüncəyə qalib gəldi. Amerika siyasi elitası və mətbuat zamanında körüklədiyi nifrətin qurbanı oldu. Eyni faktorlar BREXİT tərəfdarlarının qələbəsini Böyük Britaniyada təmin etmişdi. Düşünürəm ki,Trampın qələbəsindən sonra Rusiyanın dünya siyasətindəki rolu xeyli güclənəcək.Tramp seçki vədlərini yerinə yetirməyə başlasa ABŞ müttəfiqlərini itirəcək, daxili gərginlik artacaq, dünya iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək. Bundan sonra ya o hakimiyyətdən uzaqlaşdırılacaq, ya da bizi ciddi sürpirizlər gözləyir".