16 may Azərbaycanda matəm günü elan olunsun Siyasət

16 may Azərbaycanda matəm günü elan olunsun

BAXCP sədri Azərbaycan hökumətinə və kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Bütöv Azərbycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyənin Soma şəhərində yerləşən daşkömür mədənində baş verən partlayışla bağlı Azərbaycan hökümətinə və ölkənin kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb. BAXCP sədri müraciətində Türkiyədə baş verən faciənin miqyasının böyük olduğunu və belə bir gündə qardaş ölkə ilə həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb. Artıq Şimali Kipr Türk Cümhuriyyətinin və Pakistanın mayın 16-da matəm elan etdiklərini, dünyanın ayrı-ayrı idman klublarının, ictimai təşkilatların Türk xalqı ilə həmrəylik nümayiş etdirdiklərini önə çəkən Qüdrət Həsənquliyev Azərbaycan hökumətini və kütləvi informasiya vasitələrini də müvafiq addımlar atmağa çağırıb: "Azərbaycan ən çətin anlarda da, ən xoş günlərdə də Türkiyə ilə birlikdə olub, qardaş türk xalqının kədərini öz kədəri, sevincini öz sevinci sayıb. Hesab edirəm ki, mayın 16-sı Azərbaycanda da matəm günü elan olunmalıdır". BAXCP sədri, eyni zamanda Azərbaycan telekanallarına müraciət edərək, onları mayın 16-da şou xarakterli verilişlər yayımlamamağa, çap media orqanlarını isə 16 may tarixli saylarını qara rəngdə buraxmağa çağırıb.