“Putinin dediyi o 755 diplomatın çoxu rusdur...” Siyasət

“Putinin dediyi o 755 diplomatın çoxu rusdur...”

Rusiyaya yeni sanksiya tətbiqinin səbəbi Moskvanın son illər yürütdüyü siyasət, dünyaya yaratdığı təhlükələrdir. Bu təhlükələr həm Orta Şərqdə, həm də postsovet məkanda müşahidə edilir. Aparılan siyasət postsovet məkanında bir sıra müstəqil respublikalar üçün təhdiddir.
Bu addımlar ABŞ-ı narahat edir. Rusiyanı dayandırmaq, Moskvanın bu siyasətdən vaz keçməsi üçün Vaşinqton təzyiqlərə, sanksiyalara əl atmağa məcbur qalıb.
Bu fikirləri deputat Asim Mollazadə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanunu imzalamasını şərh edərkən deyib.
Asim Mollazadənin fikrincə, sanksiyaların dayandırması üçün Rusiya öz siyasətində ciddi dəyişiklik etməlidir:
"Əks halda Rusiya izolyasiya və ciddi təzyiqlərə məruz qalacaq. Bu da onun iqtisadiyyatına və ölkədəki sosial vəziyyətə dərin mənfi təsir göstərəcək".
Millət vəkili hesab edir ki, Rusiyanın ABŞ-a cavab tədbirləri Vaşinqtona ciddi təhlükə yaratmayacaq:
"Artıq Rusiya özü bir neçə istiqamətdə Qərbin yardımlarından, kreditlərindən, maliyyəsindən mərhum edilib. Eləcə də müasir Qərb texnologiyası Rusiyaya verilmir.
Diqqət edin, Rusiya ilk cavab addımını atıb, elan edib ki, sentyabra qədər ABŞ səfirliyində çalışan personalın sayını azaldacaq. Yəni ABŞ-ın Rusiyadakı səfirliyinin təxminən 700-dən çox əməkdaşını xaric edəcək. Hara xaric edəcək? Bu 755 nəfərin mütləq çoxluğu ABŞ səfirliyində çalışan Rusiya vətəndaşlarıdır. Bu insanlar Rusiya sanksiyası nəticəsində öz işini və yüksək əmək haqqını itirməli olacaq. Başqa sözlə, Rusiyanın diplomatik sahədə ABŞ-a qarşı tətbiq edəcəyi sanksiya ilk növbədə Rusiya vətəndaşlarını vuracaq".
Asim Mollazadə hesab edir ki, Rusiya Sovet İttifaqını bərpa etmək xülyalarından vaz keçməli, qonşularla mehriban və normal siyasət aparmalı, əməkdaşlıq etməlidir:
"Yoxsa Rusiya çox ciddi problemlərlə üzləşəcək. Hesab edirəm ki, Avropa Rusiyaya qarşı sanksiyalara qoşulacaq. Avropa əsas müttəfiqinə zidd siyasət həyata keçirməyə qadir deyil".