Vaşinqtonun Moskva balansı: Rusiya əsas tələblərindən imtina edəcəkmi? Dünya

Vaşinqtonun Moskva balansı: Rusiya əsas tələblərindən imtina edəcəkmi?

Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi, ABŞ-ın proseslərə müdaxilə imkanları və cəbhədəki mümkün ssenarilər yenidən ekspertlərin diqqət mərkəzindədir. Milli Məclisin komitə sədri Arzu Nağıyev və politoloq Əli Mustafa “Xalq Cəbhəsi”nə açıqlamalarında münaqişənin bitmə yollarını, Vaşinqtonun Moskvaya təzyiq mexanizmlərini və Donald Tramp faktorunu təhlil ediblər. Açılan müzakirələrdə müharibənin dörd əsas inkişaf ssenarisi vurğulanmaqla yanaşı, regionda baş verən geopolitik dəyişikliklər fonunda Azərbaycanın mövqeyi də qiymətləndirilib.

“Müharibənin 4 mümkün ssenarisi”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin qiymətləndirməsi
demək olmaz ki, əsassızdır: “Burada Vaşinqtonun Moskvaya müəyyən taktiki güzəştlərə sövq etmək potensialı var, lakin Rusiyanın əsas strateji tələblərindən geri çəkdirməyə inandırıcı görünmür ki, məcbur
etmək mümkün olacaq. Müəyyən təzyiq mexanizmlərindən kifayət qədər istifadə edə bilərlər. Məlumdur ki, söhbət burada ərazi bütövlüyündən gedir”.

Müharibənin bitməsinin dörd mümkün istiqaməti

Komitə sədri müharibənin sonrakı taleyi ilə bağlı dörd əsas ssenarinin ola biləcəyini diqqətə çatdırıb:
Yəni müharibənin ümumiyyətlə bitməsinin dörd istiqaməti ola bilər:
1. Ya Ukrayna qələbə çala bilər;
2. Ya Rusiya qələbə çala bilər;
3. Ya uzanmış bir müharibəyə çevrilə bilər;
4. Yaxud dondurula bilər.

Tramp amili və Putin-Tramp münasibətləri

Arzu Nağıyev ABŞ-dakı siyasi proseslərə və Donald Trampın mövqeyinə də toxunub. Onun sözlərinə
görə, Trampın əsas istiqamətdə hərəkətləri məhz onun siyasi çəkisi ilə bağlıdır: “Zelenski belə düşünür ki, Putin Trampı açıq şəkildə narazı da salmaq istəmir, lakin öz bildiklərini də edirlər. ABŞ prezidentinə seçkilər ərəfəsində diplomatik uğur vermək istəyə bilərlər. Bu, Moskvanın heç olmasa danışıqları tamamilə bağlamaması üçün bir variantdır”.

“Tramp Rusiyaya təzyiq göstərə bilər”

Politoloq Əli Mustafa “isə Xalq Cəbhəsi”nə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlərdə hələlik daha təmkinli mövqe nümayiş etdirir.
Politoloqun sözlərinə görə, bunun əsas səbəblərindən biri ABŞ-ın müharibəyə tam gücü ilə cəlb olunmasının Rusiya üçün ciddi nəticələr yarada biləcəyidir: “Amerikanın kifayət qədər böyük resursları var. Əgər ABŞ Rusiya-Ukrayna savaşında tam gücü ilə iştirak edərsə, Rusiyaya çox ciddi zərbələr endirilə bilər. Rusiya da çalışır ki, müəyyən formada ABŞ ilə Avropanın mövqelərini bir-birindən ayırsın və müəyyən güzəştlər göstərməklə Amerikanın bu prosesdə iştirakını azaltmağa nail olsun”.
Ə. Mustafanın fikrincə, Trampın Ukrayna məsələsində sərgilədiyi yanaşmalar da onun müharibənin gedişinə birbaşa və daha sərt müdaxilə etməkdə maraqlı olmadığını göstərir: “Trampın mövqeyində müəyyən qeyri-müəyyənlik var. O, Ukraynanın mütləq şəkildə qalib gəlməsini istəyən tərəf kimi görünmür. Eyni zamanda, ABŞ-ın Rusiyaya qarşı ciddi təzyiq imkanları mövcuddur. Vaşinqton istəsə, Ukraynaya daha böyük hərbi və maliyyə dəstəyi göstərə, Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər”.
Politoloq hesab edir ki, ABŞ-ın Rusiyanı zəiflətmək və onun resurslarını tükəndirmək strategiyası hələ də qüvvədə qala bilər: “Amerikanın təzyiq imkanları kifayət qədər genişdir. Lakin anlaşılmayan məqam Trampın bu imkanlardan nə dərəcədə istifadə etmək niyyətində olmasıdır. Görünən odur ki, Rusiyanı tədricən zəiflətmək, resurs savaşında onu sıradan çıxarmaq strategiyası müəyyən mənada hələ də qüvvədədir”.
Ə. Mustafa deyib ki, Moskva da ABŞ-ın potensial imkanlarını nəzərə alaraq Vaşinqtonla münasibətlərdə ehtiyatlı davranmağa çalışır: “Rusiya da bunu nəzərə alır. Sanki Tramp və Putin arasında qeyri-rəsmi bir anlaşma mövcuddur. Onlar bir-birinə qarşı çox sərt davranışlar sərgiləmirlər. Amma bunun fonunda Rusiya-Ukrayna müharibəsi davam edir. NATO ölkələri Ukraynanı dəstəkləyir və bu prosesdə alyansın iştirakı getdikcə daha aydın görünür”.
Politoloq Azərbaycanın bu prosesdəki rolunun isə bəzən arxa planda təqdim edildiyini qeyd edib.
“Azərbaycanın da NATO ilə tərəfdaşlıq çərçivəsində müəyyən rolu var. Lakin hazırkı proseslər fonunda Azərbaycanın rolu sanki ikinci planda təqdim olunur. Halbuki regionda baş verən proseslər və Azərbaycanın geosiyasi mövqeyi ölkəmizin təhlükəsizlik və regional əməkdaşlıq baxımından əhəmiyyətini artırır”, – deyə Əli Mustafa vurğulayıb.

Günel Elxan