Nazirlər Dağlıq Qarabağ problemindən danışıblar Siyasət

Nazirlər Dağlıq Qarabağ problemindən danışıblar

Mövlud Çavuşoğlu:" Münaqişələrin sülh yolu və diplomatik kanallar vasitəsi ilə həllinə tərəfdarıq"

Elmar Məmmədyarov:"Siyasi qərar əsasında Ermənistan silahlı qoşunları geri çəkilməlidir"

Mixeil Canelidze:"Biz münaqişələrin sülh yolu ilə və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdarıq"

"Gələn il Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının sammiti keçirilə bilər".
Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nazirlər görüş zamanı qərara gəlib ki, gələn il belə bir görüşün keçirilməsi üçün prezidentlərə təklif verilsin.
"Türkiyə, Azərbaycan və Gürcüstanın siyasi məsələlərdə və beynəlxalq arenada fikirləri üst-üstə düşür"-deyə Azərbaycan XİN rəhbəri bildirib. Nazir enerji və nəqliyyat layihələrinə toxunaraq, qeyd edib ki, TANAP layihəsi üzrə işlər Azərbaycan və Türkiyədə bitmək üzrədir: "Üç ölkənin iştirak etdiyi digər layihə Bakı-Tbilisi-Qars layihəsidir. Əminik ki, Türkiyədə dəmir yol xəttin tikintisi yaxın vaxtlarda başa çatacaq və Şərqlə Qərbi birləşdirən xətt yaxın vaxtlarda işə düşəcək".
"Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir". Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirilən mətbuat konfransında deyib.
M. Çavuşoğlu vurğulayıb ki, Türkiyənin Azərbaycan və Gürcüstanla həyata keçirdiyi layihələr tək bu ölkələrin deyil, regionun rifahı üçündür: "2018-ci ildə TANAP layihəsi başlayacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyinə töhfədir. Bununla yanaşı Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində işlər bitmək üzrədir. Test səfərləri artıq başlayıb. Qarsla Tbilisi arasında bir test səfəri olmalıdır. Bu test səfərlərindən sonra Bakı-Tiflis-Qars xətinin açılacağı tarixi birlikdə müəyyən edəcəyik. Bu, təkcə 3 ölkəni birləşdirən layihə deyil".
"Türkiyə, Azərbaycan və Gürcüstanın münaqişələrin həllinə yanaşması eynidir"-deyən Mövlud Çavuşoğlu bildirib ki ərazilərin toxunulmazlığı beynəlxalq hüququn əsasını təşkil edir və hər üç ölkə bunu dəstəkləyir: "Münaqişələrin sülh yolu və diplomatik kanallar vasitəsi ilə həllinə tərəfdarıq. Azərbaycan və Gürcüstanla bağlı münaqişələrin öz vasitəçiləri və beynəlxalq formatlar var. BMT Baş Assambleyasında bu il Azərbaycanla bağlı iki məsələ gündəmdədir. Azərbaycan münaqişənin həllində səylərini davam edir və bu məsələdə beynəlxalq vasitəçilik böyük rol oynayır".
Elmar Məmmədyarov deyib ki, Ermənistan xarici işlər naziri ilə görüş razılaşdırılıb, amma tarix hələlik dəqiqləşdirilməyib. Onun sözlərinə görə, görüşdə hansı məsələlərin müzakirə edəcəyi hamıya bəllidir.
"Yeganə lazım olan odur ki, siyasi qərar olsun. Bu qərar əsasında isə Ermənistan silahlı qoşunları geri çəkilməlidir", - deyə nazir vurğulayıb.
"GUAM ölkələri BMT Baş Assambleyası çərçivəsində birgə bəyanatla çıxış edə bilər"-deyən Məmmədyarov qeyd edib ki, bu, GUAM ölkələri ilə razılaşdırılacaq: "Bu ilBMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərinə və GUAM ölkələrində dondurulmuş münaqişələrə dair 2 qətnamə müzakirə ediləcək".
"Biz münaqişələrin sülh yolu ilə və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdarıq". Bu fikirlərin müəllifi isə, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzedir. O bildirib ki, Azərbaycan və Gürcüstandakı münaqişələrlə bağlı beynəlxalq səylər gücləndirilməlidir.
Üçtərəfli formatdan danışan gürcüstanlı nazir bildirib ki, bu, unikal əməkdaşlıq mexanizmidir: "Üç ölkənin hər biri ilə qarşılıqlı diplomatik münasibətlərinin 25 illiyi qeyd edilir. Biz nümunəvi siyasi, ticari, iqtisadi, insanlararası münasibətlərə nail olmuşuq. Bu, həm də xalqlar arasında öz əksini tapır. Birgə layihələrimiz təkcə üç ölkənin marağını əks etdirmir. Nəqliyyat və enerji sahəsində böyük layihələrin iştirakçısıyıq. Bu layihələr regionun sabitliyinə və inkişafına təkan verir. Biz Bakı-Tiflis-Qars dəmiryolunun açılmasını səbirsizliklə gözləyirik".