Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil? Siyasət

Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil?

"Azərbaycanın Avropa ilə yaxınlaşmaqda strateji məqsədləri var".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Tbilisidə keçirilən "Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması" mövzusunda beynəlxalq parlament konfransında deyib. O bildirib ki, Azərbaycanın iştirakı ilə həyata keçirilmiş və gələcəkdə reallaşdırılacaq layihələr ölkəni Avropa ilə yaxınlaşdırır: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regionu Avropaya, Avopanı isə regiona yaxınlaşdırır".
S. Seyidov qeyd edib ki, rəhbərlik etdiyi parlament komitəsi Aİ üzv ölkələri ilə 10 qarşılıqlı strateji sazişi ratifikasiya edib: "Bu əhəmiyyətli sənədlər Azərbaycanın Avropadan uzaq deyil, yaxın olduğunu göstərir".
S. Seyidovun sözlərinə görə, Azərbaycan Avropaya təhlükəsizlik gətirir: "Azərbaycan Avropaya milyon dollarla investisiyalar yatırır və alternativ təhlükəsiz qaz kəməri ilə təmin edir. Azərbaycan qonşu ölkələr, ilk növbədə Gürcüstan və Türkiyə ilə qarşılıqlı münasibətləri əsasında bütün dünyaya nümunə göstərir."
"Azərbaycan Avropa İtifaqına inteqrasiyanın deyil, bu birliklə qarşılıqlı faydalı əməkdaşlıq etməyin tərəfdarıdır"-deyən Səməd Seyidov bildirib ki, hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir: "Azərbaycan çoxtərəfli münasibətləri inkar etmir. Biz də nə vaxtsa Avropa İttifaqı ilə müqavilə imzalayacağıq. Lakin bu gün bizim əsas prioritetimiz strateji əməkdaşlığı genişləndirməkdir. Gələcəkdə isə Avropa İttifaqıilə münasibətləri çox ciddi təhlil edəndən sonra bu təşkilatla Azərbaycanın maraqlarına uyğun hər hansı bir saziş imzalanacaq".