“Azərbaycanın səsi Avropa ictimai rəyində daha rahat bir şəkildə duyulmağa” Siyasət

“Azərbaycanın səsi Avropa ictimai rəyində daha rahat bir şəkildə duyulmağa”

"Artıq Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır". Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Türkiyənin TRT WORLD kanalına müsahibəsində dediyi bu fikirlər çox doğru və düzgündür". Bunu siyasi şərhçi Azər Həsrət deyib. "Prezidentin köməkçisi Əli Həsənovla birgə hal-hazırda da Avropadayıq və bu gün Avropa Azərbaycanlıları Konqresinin Qurultayında iştirak edəcəyik. Ötən gün də Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak etdik. Həqiqətən də son zamanlar biz müşahidə edirik ki, Azərbaycanın səsi Avropa ictimai rəyində daha rahat bir şəkildə duyulmağa başlanılıb. Faktiki olaraq Azərbaycan dövlətinin bir tərəfdən ciddi diqqəti, qayğısı və iştirakı, digər tərəfdən diaspor təşkilatlarımızın artıq Azərbaycana qarşı qüvvələrdən uzaqlaşıb ölkəmiz üçün işləyən qüvvələrlə işbirliyi içində olması bunu deməyə əsas verir. Yəni Avropalı insanların hamısı heç də qərəzli, vicdansız, tərəfli deyillər. Avropa insanının əksəriyyəti ədalətdən yanadır. Sadəcə olaraq bəzi siyasətçilər, mərkəzlər əlbəttə ki, Azərbaycan kimi dövlətlərə öz sözlərini keçirə bilməyənlər qərəzə, ikili standartalara yol verirlər. Bax, həmin o ikili standartın, qərəzin yer almaması üçün biz Avropa insanları ilə daha yaxından təmasda olmalıyıq, sıx ünsiyyət qurmalıyıq və öz dərdlərimizi, problemlərimizi birbaşa təmasla anlatmalıyıq"-deyə, Azər Həsrət bildirib. O əlavə edib ki, indi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da bu sahədəki xidmətini qeyd etməyə gərək var: "Çünki diaspor təşkilatlarımızın formalaşmasında, möhkəmlənməsində eləcə də diaspor təşkilatlarımızla Azərbaycan dövlətinin əlaqələrinin yüksək səviyyədə tutulmasında onun özünün də ayrıca rolu qeyd olunmalıdır. Yəni bu baxımdan həqiqətən də Avropada, ümumiyyətlə, dünyada Azərbaycanın səsi daha yüksəkdən səslənməyə başlayıb. Əlbəttə, bu bizi sevindirir. Çox şadıq ki, dövlətimiz aradan illər keçdikdən sonra nəhayət ki, bu cür nailiyyət əldə edə bilir".