Riçard Morninqstar Helsinki dinləmələrindən danışdı Siyasət

Riçard Morninqstar Helsinki dinləmələrindən danışdı

"Azərbaycan ABŞ-ın güclü tərəfdaşı olaraq qalmaqdadır"

"Mən səfir olduğum dövrdə Azərbaycanda demokratiya və insan haqları məsələsini daim diqqətdə saxlamışıq". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
R. Morninqstar bildirib ki, səfir kimi səlahiyyət müddəti başa çatandan sonra da Azərbaycanda bu sahələr diqqət mərkəzində olacaq. Səfir qeyd edib ki, Azərbaycan ABŞ-ın güclü tərəfdaşı olaraq qalmaqdadır. O, ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən dinləmələri "çox yaxşı, balanslı" adlandırıb: "Dinləmələrdə demokratiya və insan haqları ilə bağlı məsələlər öz əksini tapıb. Eyni zamanda hər iki ölkənin bu istiqamətlərdə birgə işləməsi də müzakirə mövzusu olub".
R. Morninqstar ABŞ-la Azərbaycan arasında digər maraq doğuran sahələrin də olduğunu və sahələrdə işlərin davam edəcəyini vurğulayıb.
Səfir Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycanda fəaliyyəti haqqında da danışıb: "MDİ-nin Azərbaycan qanunlarına uyğun fəaliyyət göstərdiyini hesab edirik. İnstitutun Azərbaycandakı gələcək statusu barədə isə bir söz deyə bilmərəm. Cinayət işi ilə əlaqədar suallar prokurorluğa ünvanlanmalıdır".