“Gələcəkdə Paşinyanın siyasətinin necə olacağını zaman göstərəcək” Siyasət

“Gələcəkdə Paşinyanın siyasətinin necə olacağını zaman göstərəcək”

Nəzakət Məmmədova: "Ancaq yaxın dövrdə Rusiyanın ordan sıxışdırııb çıxarılması mümkün deyil"

"Ermənistanın baş naziri Nikol Paşinyanın bazar ertəsi Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş göstərdi ki, Ermənistan dövlətinin yeni rəhbəri Rusiya ilə münasibətləri hələlik korlamaq istəmir, əvvəlki qaydada saxlamağa çalışır. Çünki Rusiyanın razılığı olmadan hakimiyyətdə uzun müddət qala bilməyəcəyini anlayır. Ona görə də Rusiya ilə maraqlarını uzlaşdırmağa çalışır. Soçi görüşü yəqin ki, Rusiyanı arxayın salmaq, bu hakimiyyət dəyişikliyi nəticəsində Rusiyanın Ermənistandakı maraqlarına heç bir xələl gəlməyəcəyinə təminat vermək məqsədi daşıyır". Bu fikirləri beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova səsləndirib. O deyib ki, Ermənistan Rusiya üçün onun cənub sərhədlərində vacib ölkələrdən biridir: "Onun Rusiya üçün əhəmiyyəti barədə zənnimcə, geniş danışmağa ehtiyac yoxdur. Gələcəkdə Paşinyanın siyasətinin necə olacağını zaman göstərəcək. Ancaq düşünürəm ki, yaxın dövrdə Rusiyanın ordan sıxışdırııb çıxarılması mümkün deyil. Paşinyan istəsə belə, bunu edə bilməz. Çünki Rusiya orda elə möhkəmlənib, elə kök atıb, Ermənistanı hərbi, siyasi cəhətdən özündən o qədər asılı vəziyyətə salıb ki, hətta Rusiya özü getmək istəsə belə, bəlkə İrəvan bunu istəməyə bilər. Çünki iqtisadiyyata sərmayə qoyuluşu Rusiyanın əlindədir. Ermənistanın təhlükəsizliyinin də qarantı Rusiyadır. Təsəvvür edin, Rusiya onun arxasında dayanmasa, çəkilib getsə, Azərbaycan bir gün ərzində Ermənistanı məhv edər. Bu baxımdan hələlik Rusiya və Ermənistanın bir-birindən asılı münasibətləri var. Bu münasibətləri yaxın vaxtlarda sakitcə qoparıb atmaq mümkün olmayacaq. Odur ki, görüşün keçirilməsinin əsas geosiyasi əhəmiyyəti bir-birlərini arxayın salmaq idi. Bir məqamı da qeyd etmək istərdim. Ermənistandakı hadisələr Rusiyaya qarşı deyil, ilk növbədə İrana qarşı yönəlmişdi. Qərbmeyilli qüvvənin hakimiyyətə gətirilməsi İranın Ermənistan vasitəsilə dünyaya çıxmaq, geosiyasi maraqlarını boğmaq üçün atılmış addımlardan biridir. İnandırıcı versiyalardan biri budur ki, bunu ABŞ, yaxud ABŞ-dakı erməni lobbisi oradakı erməni diasporunun köməyi ilə edib. Məqsəd Trampın İranla nüvə sazişini pozmasından sonra Ermənistanı da öz nəzarətinə alaraq İranın Rusiya ilə əlaqələrindən, eyni zamanda Ermənistan vasitəsilə dünyaya çıxış yollarından birini kəsmək idi. Rusiya məsələsi, Rusiyanın Ermənistandan getməsi ikinci dərəcəli məsələdir. Biz dünyanın aparıcı beyin mərkəzlərinin hesabatlarını, analitiklərin fikirlərini oxuyub təhlil edirik. Bu faktlara rast gəlmişəm. Öz düşüncələrimlə uzlaşdırıb bu qənaətə gəlmişəm ki, həmin yanaşma daha inandırıcıdır".
Onun sözlərinə görə, ABŞ səfirliyinin Qüdsə köçürülməsindən sonra regionda gərginlik artıb: "Ola bilsin bu gərginliyi artırmaqda məqsəd İranı səhv addımlar atmağa sövq etmək, beləliklə də, bu ölkəni vurmaq üçün bəhanə kimi istifadə etməkdir. Qüdsün tanınması ziddiyyətlərə yol açır. Ümumiyyətlə, Qüdsdə səfirliyin açılması prosesləri kulminasiya nöqtəsinə çatdırır. Burda təkcə Fələstin-İsrail məsələsi deyil. Bu, islam aləmi, müsəlman dünyası ilə Amerikanı, İsraili üz-üzə qoymaq deməkdir. Avropa İttifaqı ölkələri bunu başa düşdülər və geri çəkildilər.
Görürsünüz ki, onlar qarşıdurmaya getmədilər, Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina etdilər. ABŞ səfirliyinin Qüdsə köçürülməsi kəskin ziddiyyətlərə yol açır. Önümüzdəki dövrdə bu ziddiyyətlərin daha da kəskinləşəcəyi gözləniləndir".