“Rusiyanın mövqeyi yenidən dəyişdi” Siyasət

“Rusiyanın mövqeyi yenidən dəyişdi”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ATƏT-in baş katibi Tomas Qremingerlə Moskvada görüşdən sonra keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi açıqlamalar kifayət qədər ciddi diqqəti çəkir və mahiyyət baxımından bu bəyanatlar Dağlıq Qarabağ tənzimlənməsində irəliləyiş yarada bilər.
Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, S. Lavrovun bəyanatı ilə eyni vaxtda rusiyalı həmsədr İqor Popov regionda səfərdə olarkən Ermənistandan Dağlıq Qarabağa getməkdən imtina etdi, başqa sözlə Dağlıq Qarabağda ermənilərlə görüşmədi: "Bir dəstə ermənipərəst rusiyalı ekspert İ.Popovun Dağlıq Qarabağa səfər etməməsini texniki məsələ ilə əlaqələndirdi. Guya nə isə olub, Popov Yerevandan Xankəndinə getmədən Bakıya uçub. Bakıda isə Popov Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri ilə görüşdü. Ən azı bu fakt sübut edir ki, İ.Popovun Dağlıq Qarabağa getməməsi texniki məsələ deyil, diplomatik məsələdir. Yəni, ortada texniki məsələ olsaydı Popov Bakıda Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdən də imtina edə bilərdi".
M. Əhmədoğlu deyib ki, Rusiyanın davranışındakı bu hərəkətlər Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini dəyişdiyinin əyani sübutudur: "Bu neçənci dəfədir Rusiya mövqeyini belə dəyişir və müəyyən bir dövrdən sonra Rusiya yenidən əvvəlki vəziyyətinə qayıdır. Hər dəfə Rusiya mövqeyini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətinə dəyişəndə Ermənistandan nə isə alır və yaxud Ermənistan Rusiya istiqamətində nəyisə itirir. Sonradan Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi əvvəlki vəziyyətinə qayıdır. Amma Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində indiki dəyişikliyin mahiyyətində Ermənistandan nə isə almaq durmur. Rusiyanın mövqeyinin indiki dəyişikliyi bu ölkənin daxili vəziyyəti və yaxud özünün apardığı siyasətlə əlaqəlidir. Rusiya ərazi bütövlüyü prinsipini dəstəkləməyə məcburdur. Ən azı bu sahədə bir nümunə göstərməlidir. MDB məkanında olan münaqişələrdə Rusiya üçün Gürcüstan Moldova, Ukrayna ərazilərindəki münaqişələrə nisbətən ərazi bütövlüyünə ən asan dəstək nümayiş etdiriləsi münaqişə Dağlıq Qarabağ münaqişəsidir".
Rusiya MDB məkanında ərazi bütövlüyünü dəstəkləmədən Yaxın Şərqdə ərazi bütövlüyünü müdafiə etməsi nonsensdir, - deyən politoloq vurğulayıb ki, sadəcə dünya siyasəti ikili standartdır deyə, Rusiyanın da belə hərəkətinə fikir verən yoxdur: "Amma son dövrlərdə Yaxın Şərqdə vəziyyət Rusiyanın o qədər də xeyrinə deyil, Rusiyaya təzyiqlər artıb. O baxımdan Rusiyada başa düşürlər ki, gec-tez bu regionda həmin arqument istifadə olunacaq. Yəni, Rusiya MDB məkanında ərazi bütövlüyünü dəstəkləmir. Rusiyanın Suriyada və Yaxın Şərqdə ərazi bütövlüyü prinsipini dəstəkləməsi sadəcə sintetikadır, sünilikdir, başqa heç bir şey deyil".
Rusiyanın bu mövqeyinin istər-istəməz maraq çəkdiyi qənaətində olan ekspert şərhində daha sonra deyib: "Ermənilər Rusiyanın bu mövqeyini öz maraqlarına uyğun olmayan bir mövqe kimi qəbul edirlər. Azərbaycandan baxdıqda isə Rusiyanın son mövqeyi obyektivliyə, beynəlxalq hüquq normalarına doğru addım kimi başa düşülür. Rusiya Azərbaycan və digər MDB dövlətlərinin ən böyük qonşusudur. Rusiyanın beynəlxalq hüquq normalarına sabit yanaşması, riayət etməsi MDB dövlətlərinin hamısı və xüsusilə ərazi bütövlüyü pozulmuş Azərbaycan üçün daha vacibdir. O prizmadan Rusiyada bilsinlər ki, biz onun mövqeyindəki bu dəyişikliyi görürük. Arzumuz da budur ki, Rusiyanın bu mövqeyi axıra qədər belə qalsın".