“Azərbaycanla Gürcüstan münasibətlərinin dinamikliyi tək şəxsiyyətlər üzərində deyil...” Siyasət

“Azərbaycanla Gürcüstan münasibətlərinin dinamikliyi tək şəxsiyyətlər üzərində deyil...”

Tamerlan Vahabov: "Ümumilikdə ölkələr arasında mövcuddur"

Gürcüstanda keçirilən prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının namizədi Salome Zurabişvili qalib gəlib. O, müxalifət koalisiyasının namizədi Qriqol Vaşadzeni yarışlardan kənarda saxlayaraq, ölkənin ən yüksək siyasi kürsüsünə qalxa bilib.
Millət vəkili Azər Badamov deyib ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirildi. Həmin ikinci turda gürcü xalqının iradəsi ifadə olunaraq istədikləri namizədə səs veriblər və yeni prezident seçilib: "Bu prezidentin seçilməsi o demək deyil ki, Azərbaycanla münasibətlərdə mənfi bir yenilik yaratsın. Çünki bu gün Azərbaycanla Gürcüstan bir-birinə çox inteqrasiya olunmuş ölkələrdir, eləcə də bir-biri ilə dostluq, əməkdaşlıq münasibətləri çox yüksək səviyyədədir". Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında böyük iqtisadi layihələr həyata keçirilir: "Təbii ki, həmin iqtisadi layihələr də bir-birini daha sıx birləşdirir. Bu gün Gürcüstanda kimin prezident olmasının bizim üçün əhəmiyyəti yoxdur. Çünki bugünkü Azərbaycan-Gürcüstan arasındakı əlaqələrə xələl gətirə biləcək hər hansı bir maneə yoxdur. Ona görə də düşünürəm ki, yeni prezident seçilməsindən sonra da Azərbaycanla Gürcüstan arasında əlaqələr daha da möhkəm olacaq və inkişaf edəcək".
Politoloq İlqar Vəlizadə bildirib ki, Gürcüstanda keçirilmiş prezident seçkilərinin "qalibi" keçmiş Baş nazir Bidzina İvanişvilidir. Onun sözlərinə görə, sabiq baş nazir səsvermə prosesini telekanaldan izləmək üçün mart ayından "kölgə"dən çıxmadı: "Səsvermənin mümkün nəticələrin necəliyindən asılı olmayaraq, bu, gözlənilən idi. Lakin hesab edirəm ki, bu seçkilərin ana fikri və ölkənin siyasi həyatı prezidentin kim olmasından yox, Gürcüstanın "kölgə"dən hansı vaxtadək idarə edilməsi ilə bağlıdır. Bu, bənzəri olmayan bir sistemdir.
Bundan sonra proseslər hansı istiqamətdə cərəyan edəcək, maraqların toqquşması hansı nəticələrə yol açacaq? Bu suallar açıq olaraq qalacaq".
Siyasi ekspert Tamerlan Vahabov diqqətə çatdırıb ki, Gürcüstanda keçirilən seçkilər azad, demokratik yolla keçirilib, nəticələr xalqın iradəsinin təzahürünün göstəricisi olduğundan buna hörmətlə yanaşılmalıdır. O bildirib ki, Azərbaycanla Gürcüstan münasibətlərinin dinamikliyi tək şəxsiyyətlər üzərində deyil, ümumilikdə ölkələr arasında mövcuddur: "İki ölkə arasında strateji struktur və prosesual münasibətlər o qədər yüksəkdir ki, Gürcüstanda istənilən hakimiyyət dəyişikliyi bu dinamikanı saxlamaqda maraqlı olacaq. Bu da əlbəttə ki, prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətinin nəticəsidir. Ölkə başçısının uğurlu xarici siyasəti Azərbaycanın digər, xüsusilə də qonşu ölkələrlə münasibətlərdə özünün yüksək səviyyədə göstərməkdədir".
Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı hazırda 97 faiz bülletenlərin hesablandığını deyən ekspert söyləyib ki, növbəti hesablanmayan 3 faizin nəticələrə təsir etmə ehtimalının az oldğunu dilə gətirib: "Çünki, namizədlər arasında səs faizinə baxsaq fərqin yüksək olduğunu görmək mümkündür".
T.Vahabov qeyd edib ki, son illər Gürcüstanda yaşayan Azərbaycan icmasının fəallığı artıb: "Bu da təbii ki, birbaşa olaraq onların tarixi vətəni olan Azərbaycan və iki ölkə istiqamətində aparılan xarici siyasətin nəticələrindən biridir. Belə olan halda, azərbaycanlılar orada özlərini müdafiə olunmuş, eləcə də ölkəmizin dəstəyini hər zaman hiss edirlər. Bundan başqa, həmyerlilərimizin orada kifayət qədər nüfuza malikdirlər. Onların seçkilərdə rolunun böyük olması və əminliklə siyasi proseslərdə iştirak etməsi bizə bunu deməyə əsas verir".