“Paşinyani 2019-da nə gözləyir?” Siyasət

“Paşinyani 2019-da nə gözləyir?”

Əziz Əlibəyli: "İşsiz xalq, xarici siyasətdə konyuktur dəyişməsi, ən nəhayət Qarabağ yükü"

Məhəmməd Əsədullazadə: "Onu növbəti aylarda çətin sınaq gözləyir"

Ermənistanda maraqlı proseslər baş verir. Ermənistan Respublika Partiyasının mətbuat katibi Edvard Şarmazanov Facebook səhifəsində yazıb ki, baş nazirin səlahiyyətlərini yerinə yetirən şəxs Konstitusiyanın qəbulundan bəri ilk dəfə parlament seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə müraciət etməməsindən qürur duyur. O, Paşinyanın hakimiyyəti dönəmində baş verənlərin "Top-10" reytinqini də tərtib edib: "İlk dəfə Diaspor Nazirliyi qapadıldı. Bizim artıq Mədəniyyət Nazirliyimiz olmayacaq; İlk dəfə Ermənistan KTMT baş katibi vəzifəsindən məhrum edildi; İlk dəfə minlərlə vətəndaş yeni ili işsiz kimi qarşılayacaq; İlk dəfə "Qarabağ qəhrəmanı" və "Qarabağın prezidentləri" həbs edildi; İlk dəfə "Qarabağ azadlıq müharibəsi" hakimiyyətin "damp-dump" ilə ələ keçirilməsindən daha az vacib oldu; İlk dəfə real müxalifət olmayan parlamentə sahib olacağıq; İlk dəfə Müqəddəs Eçmiədzinin dəftərxanası işğal edildi; İlk dəfə bütün ermənilərin katolikosuna hücum oldu; İlk dəfə homoseksuallar polisə hücum etdi; İlk dəfə ölkə başçısı xalqını qaralar və ağlara böldü". Şarmazanov qeyd edib ki, bütün bunların hamısı cəmisi 8 ayda baş verib.
Politoloq Əziz Əlibəyli bildirdi ki, Paşinyan geridə qoyduğumuz ilin əsas aktyoru oldu. Onun sözlərinə görə, lobbi büdcəsinə əsaslanan siyasi güc kimi hakimiyyəti devirdi: "Burda hakimiyyətin devrilməsinin əsas səbəbi heç də Paşinyan deyildi. Əsas səbəb kriminal Qarabağ separatçılarının elementləri idi ki, 20 ildə ölkəni zəlil günə saldılar. Bu müddətdə Qarabağ zəfər yox, yükə çevrildi. Xunta rejimi ölkəni regionda və dünyada təcrid edilməsinə vəsilə oldu. Azərbaycanla birbaşa savaşın altından çıxa bilməyib, İran və Rusiyaya "alət" oldu. Azərbaycanın yürütdüyü siyasət o hakimiyyətin əsas gücünü əlindən aldı. Regional və qlobal layihələrdən kənarda qoydu. Bütün bunlar Pasinyanin əlinə işləyən "kozr" oldu. O da xalqın düşündüyünü ifadə edərək populizmi dəyərləndirə bildi. Hakimiyyətə gəldi. Amma əsas məsələ elə bundan sonra başlayir. Paşinyani 2019-da nə gözləyir? İşsiz xalq, xarici siyasətdə konyuktur dəyişməsi, ən nəhayət Qarabağ yükü. Bu dəqiqdir ki, İrəvanda Pasinyanin ən güclü vaxtında sözü keçməyən iki strateji nazirlik var: Müdafiə və Xarici İşlər Nazirliyi. Hər ötən gün əhali vədləri xatırlayır, iş istəyir, islahatlar üçün pul yoxdu. ABŞ və Rusiyadan birini seçməyə məcburdu. Hara getsə, "boğulacaq". Azərbaycanın səbri tükənib, Qarabağla bağlı daha əvvəlki kimi spekulyasiya etmək mümkün olmayacaq ki, Bakı daha çox müharibə haqqında düşünür. Hətta gələn ilin birinci yarısında Pasinyan "söndürülə" bilər. Ölkə tamamilə Rusiyadan asılıdır, zavodlar, böyük şirkətlər, hərbi sahəsi. Bu cür labirintdə bu adamın uzun müddət tab gətirməsi mümkün olmayacaq".
Politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırdı ki, Ermənistanda baş verənlər siyasi hadisələr demək olar ki, ölkədə siyasi-iqtisadi böhrana səbəb olur: "Çünki hakimiyyətdən devrilən Qarabağ klanı mövcud iqtidara qarşı etirazlarını genişləndirir. Bununla çalışırlar ki, əhalinin kütləvi etirazlarına səbəb olsunlar. Qeyd edim ki, həqiqətən də Ermənistanda kütləvi etirazların baş verməsi gözləniləndir. Çünki bir neçə aydan sonra xalq hakimiyyətdən vəd olunan sosial islahatlara başlanmasını tələn edəcək. Əgər əhalinin vəziyyəti normallaşmasa küçə etirazları mütəmadi xarakter alacaq. Qeyd edim ki, Ermənistan Respublika Partiyasının sözçüsünün sözündə həqiqətlər var. Ölkədə müxalifətsiz bir parlament formalaşıb. Hesab edirəm ki, Rusiyanın mavi yanacağın qiymətini qaldırması bu ölkədə etirazlara səbəb olacaq. Ölkə əhalisinin sosial vəziyyəti gərgindir. Əgər qazın qiyməti qaıxacaqsa əhalinin vəziyyəti də daha ağırlaşacaq. Paşinyanı növbəti aylarda çətin sınaq gözləyir. Qarabağ klanı çalışacaq ki, etirazlardan maksimum istifadə edib siyasi dividentlər qazansın".

Əli