“Probleminin həlli üçün vaxt lazım idi” Siyasət

“Probleminin həlli üçün vaxt lazım idi”

"Prezident İlham Əliyevin fərmanını yüksək qiymətləndirirəm. Təximən 30 ilə yaxındır ki, bu problem qalmaqda idi. Zaman-zaman maliyyə imkanları yarandı, dövlət başçısı belə bir fərman imzaladı".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, Azərbaycan şəhid ailələrinə göstərdiyi qayğıya görə dünyaya nümunədir: "Bu problemin həlli üçün, sadəcə, vaxt lazım idi. Prezident şəhid ailələri ilə görüşdə dedi ki, "O illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur". Gördüyünüz kimi, dövlət başçısı həmişə olduğu kimi xalqın marağından çıxış etdi, onların yanında oldu. Bu fərman sosial ədalət baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcək".
Komitə sədri qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı atılan addımlar Prezident İlham Əliyev siyasətinin özəllikləridir: "Prezidentin dövlət quruculuğu modelinin bir sıra özəllikləri var. Bu model İlham Əliyev brendidir. Regionların xarakter və xüsusiyyətinə, iqtisadi potensialına uyğun olaraq dövlət proqramı icra olunur. Azərbaycanın regionlarında işsizliyin aradan qaldırılması və digər bu tip sosialyönümlü məsələlərin həlli ilə bağlı addımlar atılır. Özünəməşğulluq proqramı passiv sosial müdafiədən aktiv sosial müdafiəyə keçiddir. Prezidentin dediyi kimi, bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq".