“Şəhid polislərimizin ailə üzvlərinə birdəfəlik müavinətlərin verilməsi çox mühüm addımdır” Siyasət

“Şəhid polislərimizin ailə üzvlərinə birdəfəlik müavinətlərin verilməsi çox mühüm addımdır”

"Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda şəhid ailələrinə diqqət, qayğı göstərilib". Bunu millət vəkili Elman Məmmədov deyib. E.Məmmədov bildirib ki, şəhid ailələrinə həmin vaxtdan başlayan diqqət və qayğı bu gün də yüksək səviyyədə davam etdirilir: "2003-cü ildən də cənab Prezident İlham Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı şəhid ailələrinin mənzil-məişət şəraitinin, sosial durumunun yaxşılaşdırılması üçün çoxsaylı fərman və sərəncamlar verib. Bununla cənab Prezident bəyan edir ki, Azərbaycan dövlətinin siyasətində bütün vətəndaşların maddi rifahının, sosial durumunun yaxşılaşdırılması əsas götürülür. Xüsusilə də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları, hərbçi ailələri, qaçqın və məcburi köçkünlərinə göstərilən qayğı və diqqət göz qabağındadır. Yəni mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, müavinətlərin, təqaüdlərin verilməsi buna sübutdur. Cənab Prezidentin, həmçinin bu prosesdə şəhid polislərimizin ailə üzvlərinə birdəfəlik müavinətlərin verilməsi ilə bağlı sərəncam imzalaması çox mühüm addımdır. Çünki hələ Azərbaycan Ordusu formalaşmazdan əvvəl Azərbaycan polisi torpaqlarımızın müdafiəsində böyük qəhrəmanlıqlar göstərib, çoxsaylı şəhidlərimiz olub".
O qeyd edib ki, dövlət başçısının 2019-cu il 30 yanvar tarixli fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilməsi də şəhid ailələrinə diqqət və qayğının növbəti təzahürüdür.
Millət vəkilinin sözlərinə görə, bütün bunlar bir daha təsdiqləyir ki, xalq hakimiyyət üçün deyil, hakimiyyət xalq üçündür: "Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti xalqımızın sosial rifahının yüksəlməsi üçün nə mümkündürsə, onu da edir. Verilən sərəncamlar, fərman və tapşırıqlar bunu bir daha sübuta yetirir".