“Minalı sahələri təmizləyib keçmək problem deyil” Siyasət

“Minalı sahələri təmizləyib keçmək problem deyil”

General-leytenant Kərim Vəliyev: "Azərbaycan Silahlı Qüvvələrinin inventarında müasir mina aşkarlayan və təmizləyən qurğular var"

"Azərbaycan Silahlı Qüvvələri birmənalı olaraq NATO standartlarına uyğun formalaşdırılır"

Dünən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin görüşü keçirilib.
Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbiri giriş sözü ilə açan Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev öncə tədbir iştirakçılarını salamlayıb və jurnalistləri qarşıdan gələn peşə bayaramı münasibətilə ürəkdən təbrik edib.
Çıxışına davam edən nazir müavini son vaxtlar ordu rəhbərliyi tərəfindən Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin gücləndirilməsi, hərbi hissə və bölmələrin maddi-texniki təminatının yüksəldilməsi, həmçinin şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ararılan geniş islahatlardan söhbət açıb. O, qeyd edib ki, orduda ararılan ştat-struktur dəyişiklikləri yalnız ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi bölmələrin daha da təkmilləşdirilməsi məqsədilə həyata keçirilir: "İstər 26 iyun Silahlı Qüvvələr Günündə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, istərsə də sonrakı günlərdə Müdafiə nazirinin iştirakı ilə müdafiənin ön xəttində keçirilən genişmiqyaslı hərbi təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətini bir daha nümayiş etdirdi.
Bu gün cəsarətlə demək lazımdır ki, ordumuz müasir hərbi texnika və silah-sursatla təmin olunub və bu istiqamətdə ardıcıl işlər görülməkdədir. Orduda artıq əvvəlki dövrlə müqayisədə əhəmiyyətli yeniliklər baş verib. Bu gün bir çox hərbi hissə və bölmələrdə təsərrüfat-məişət işlərinə peşəkar mülki işçilər cəlb edilir.
Biz çalışırıq ki, əsgərlərimiz ancaq döyüş vəzifələri ilə məşğul olsunlar. Şəxsi heyətin sırf döyüş hazırlığı ilə bağlı tarşırıqlara cəlb edilməsini təmin etmək üçün artıq minlərlə mülki reşəkar şəxs bölgələrdə yerləşən hərbi hissələrdə işə qəbul edilib.
6 ayda çoxlu sayda əsgəri xidmətini başa vurmuş mülki vətəndaş öz arzuları ilə yenidən müqaviləli hərbi xidmətə çağırılıb. Belə peşəkarların hərbi hissələrdə müvafiq tarşırıqları icra etmələri nəticə etibarilə xidməti zərurətlə bağlı bir çox işlərin keyfiyyətli görülməsinə zəmin yaradıb".
Hazırkı dövrdə hərbi təhsilin keyfiyyətcə daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışan Müdafiə Nazirliyinin rəsmisi bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini və Azərbaycanın inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsindən bəhrələndiyini qeyd edib.
Kütləvi informasiya qurumları ilə əlaqələrin inkişaf etdirilməsini diqqətə çatdıran general-leytenant Kərim Vəliyev ordu quruculuğu məsələlərində obyektivliyin və şəffaflığın təmin edilməsi baxımından bu əlaqələrin vacibliyini vurğulayıb. O, mətbuat nümayəndələrini bu sahədə əlverişli əməkdaşlıq yaratmağa səsləyib.
KİV rəhbərlərinin suallarını cavablandıran nazir müavini Azərbaycan Ordusunun NATO proqramlarından imtina etməsi və keçmiş SSRİ, Rusiya hərbi sisteminə üz tutması barədə iddiaların əsassız olduğunu qeyd edib: "Azərbaycan Silahlı Qüvvələri NATO-ya inteqrasiya istiqamətində qurulur. Azərbaycanın NATO-ya inteqrasiya yolu tutduğu birmənalıdır. Doğrudur, biz müxtəlif ölkələrin, o cümlədən Rusiyanın hərbi sahədə təcrübəsini öyrənirik, lakin ordu quruculuğu, Silahlı Qüvvələrin formalaşdırılması NATO standartlarına uyğun aparılır".
O, hazırda 237 nəfərin müxtəlif ölkələrin hərbi məktəblərində təhsil aldığını deyib: "Rusiyanın hərbi məktəblərində oxuyanlarımız var. Lakin onların sayı çox azdır. Əksər hərbçilərimiz NATO sistemli ölkələrdə təhsil alır".
Kərim Vəliyev Rusiya hərbi məktəblərindən tam imtina olunmamasının səbəblərini də açıqlayıb: "Məlumdur ki, Azərbaycan Ordusunun istifadəsində əsasən Rusiya istehsalı olan texnika və silahlardır. Onlardan istifadə mənimsəmək üçün Rusiya hərbi məktəblərində təhsil almağa ehtiyac var. Hərbçilərimiz də məhz bu məqsədlə Rusiya hərbi təhsil almağa göndərilir. Taktiki və digər hazırlıqlarda isə Rusiya təhsil sisteminin proqramlarından birmənalı istifadə olunmur".
Müdafiə nazirinin müavini Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Kəlbəcərin bütün yollarının minalanacağı barədə açıqlamasına da münasibət bildirib. Kərim Vəliyev bildirib ki Ermənistanın müdafiə nazirinin açıqlaması daxili auditoriyaya hesablanmış bəyanatdır".
Nazir müavinin sözlərinə görə, xüsusilə də dağlıq ərazidə yolların minalanması məntiqli addım deyil. Dağlıq ərazidə bu tədbir heç bir effekt verməyəcək: "Ermənistanın müdafiə nazirinin bu çıxışı daxili auditoriya hesablanmış əsassız bəyanatdır".
General-leytenant Azərbaycan Ordusunun inventarında minalı sahələrdən keçid açmaq üçün müasir texnologiyaların olduğunu da vurğulayıb: "Azərbaycan Silahlı Qüvvələrinin inventarında müasir mina aşkarlayan və təmizləyən qurğular var. Odur ki, minalı sahələri təmizləyib keçmək problem deyil".
Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun və digər yüksək rütbəli zabitlərin həbsinə də münasibətini açıqlayıb.
Kərim Vəliyev qeyd edib ki, cinayət işi Hərbi Prokurorluq tərəfindən qaldırılıb, ittiham məhz bu orqan tərəfindən irəli sürülüb: "Odur ki, yüksək rütbəli zabitlərin həbsi barədə suallar Hərbi Prokurorluğa ünvanlanmalıdır. Müdafiə Nazirliyindən bununla bağlı açıqlama tələb etmək düzgün deyil".
O, keçmiş korpus komandiri Mahmud Həmzəyev barəsində cinayət işinin başlanması və həbs olunması barədə məlumatlara MN-in münasibət bildirməməsi məsələsinə də toxunub.
Kərim Vəliyev qeyd edib ki, Mahmud Həmzəyev hazırda təqaüddədir, onun MN-ə heç bir aidiyyəti yoxdur: "Mahmud Həmzəyev hörmətli generallarımızdandır, hazırda təqaüddədir, Müdafiə Nazirliyinə də heç bir bağlılığı yoxdur. Bundan başqa, özü barəsində yayılan xəbərlərə aydınlıq gətirib, təkzib edib".
Görüş iştirakçılarının suallarını cavablandıran Müdafiə Nazirliyinin idarə rəisi ədliyyə polkovniki Rauf Kişiyev son zamanlar orduda sosial ədalətin qorunması və korrursiya hallarına qarşı mübarizə işindən, həmçinin qohumbazlıq və yerliçilik kimi neqativ hallara son qoyulması üçün görülən qətiyyətli tədbirlərdən söhbət açıb: "Təəssüf edirəm ki, bəzi media nümayəndələri dəqiq olmayan informasiyaları yaymaqla məşğuldurlar. Belə hallar bəzən qərəzli ictimai rəyin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, ordu mövzusunda dəqiq informasiyanın təmin edilməsi üçün daha əlverişli çıxış yolları axtarılıb tapılmalıdır."
Görüşdə iştirak edən Müdafiə Nazirliyinin idarə rəisləri polkovnik Rüfət Əmirov, polkovniki Hicran Rüstəmzadə və Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı media ilə əlaqələrin qurulması məsələləri barədə fikirlərini bölüşüb və qonaqları maraqlandıran bəzi suallara aydınlıq gətiriblər.
Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlər qurumlarının rəhbər şəxsləri ilə kütləvi informasiya vasitələri nümayəndələrinin görüşlərinin təşkilinin vacibliyini qeyd edərək onun söz və ifadə azadlığının inkişafına, informasiyanın əldə edilməsində problemlərin aradan qaldırılmasına, media ilə dövlət qurumları arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsinə dəstək verəcəyinə əmin olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, tanınmış media nümayəndələri Müşfiq Ələsgərli, Aydın Quliyev, Rəşad Məcid, Akif Aşırlı, Elçin Mirzəbəyli, Natiq Məmmədli, Yunus Oğuz, Aynur Quliyeva, Eynulla Fətullayev, Elbrus Ərud, Seymur Səfərli və görüşdə iştirak edən digər KİV nümayəndələri çıxış edərək Milli Mətbuat Günü ərəfəsində belə bir görüşün təşkil edilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Ölkənin əsas mətbuat qurumlarının nümayəndələrinə qarşıdan gələn peşə bayramı münasibətilə hədiyyələr təqdim edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev də öz növbəsində dəyərli görüşə görə nazirliyin rəhbərliyi adından minnətdarlığını bildirib.

XC