“Separatçı rejim Dilqəm və Şahbazdan öz məqsədləri üçün istifadə etməyə çalışır” Siyasət

“Separatçı rejim Dilqəm və Şahbazdan öz məqsədləri üçün istifadə etməyə çalışır”

İlqar Vəlizadə: “İrəvan isə bu məsələdə müəyyən yumşalmanı istəyir”

“Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan separatçı rejimə səfəri zamanı separatçı rejimin rəhbərləri ilə görüşündə Şahbaz Quliyev və Dilqəm Əsgərov məsələsini müzakirə edəcəyi ehtimal olunur”. Bunu Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, XİN başçılarının son Moskva və Vaşinqton görüşündə tərəflər arasında etimad mühitinin yaradılması məqsədi ilə humanitar sahədə qarşılıqlı addımların atılması, girovların azad edilməsi müzakirə olunub: “Elə Vaşinqton görüşündən sonra yayılan bəyannamədə də bundan öncəki, Moskva görüşündə əldə edilən razılaşmaların icra olunması məsələsi əksini tapıb. Bir neçə gün öncə tərəflər arasında girovların azad edilməsini də bu qəbildən hesab etmək olar. Lakin Azərbaycan üçün əsas məsələ Xankəndində girov saxlanılan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun girovluqdan azad olunmasıdır. Ermənistan XİN başçısı Xankəndinə səfəri zamanı danışıqları prosesi ilə bağlı separatçı rejimi məlumatlandırmaq, girovlar azad edilməsə də qohumlarının onları ziyarət etməsinə şərait yaradılması istiqamətində fikir mübadiləsi aparılacağını ehtimal etmək olar”.
Politoloq əlavə edib ki, bu məsələdə İrəvanla separatçı Qarabağ rejimi arasında fərqli baxış mövcuddur: “Separatçı rejim Dilqəm və Şahbazdan öz məqsədləri üçün istifadə etməyə çalışır və hətta, İrəvana təzyiq edir. İrəvan isə bu məsələdə müəyyən yumşalmanı istəyir. Çox güman ki, Mantasakanyan sepratçı rejim rəhbərləri ilə onların bu məsələdə mövqeyinin yumşalmasına çalışacaq”.
Politoloq onu da əlavə edib ki, Mnatsakyan sepratçı rejimə səfəri zamanı digər məsələləri müzakirə edəcək: “Çünki 2020-ci ildə separatçı rejimdə qondarma prezident “seçkiləri” keçiriləcək, Paşinyan da Qarabağda mövqelərini möhkəmlətmək istəyir. Digər tərəfdən cari ilin sentyabrında separatçı rejimdə “bələdiyyə seçkiləri” keçiriləcək. Artıq namizədlər müəyyənləşdirilərək, irəli sürülür. Paşinyan “bələdiyyə seçkiləri”ndə daha çox namizədinin qalib gəlməsinə çalışır. O, bundan növbəti ilə keçiriləcək “prezident” seçkiləri üçün plasdarm kimi istifadə etməyə çalışır. İrəvanın son dövlərdə işğal olunmuş ərazilərdə yaradılan separatçı Dağlıq Qarabağ rejiminə səfərlərinin əsas məqsədləri oradakı rejimi hansısa yola dəyişməkdir. Hər vasitə ilə çalışırlar ki, Paşinyanın komandasının mövqeyi burada möhkəmlənsin”.
Paşinyanın NATO Baş katibinə ünanladığı məktuba gəldikdə isə politoloq qeyd edib ki, burada bir sıra məqamlar var: “Bir tərəfdən bunu Paşinyanın Qərbə və Avroatlantik məkana inteqrasiya niyyətinin məntiqi kimi dəyərləndirmək olar. Digər məqam kimi danışıqlar prosesində sülhmərmalı qüvvələrin yerləşdirilməsi müzakirə olunur. Bu məsələdə Bakı ilə İrəvan fərqli durumdadır. Belə ki, İrəvan Bakıdan fərqli olaraq Rusiyanın nəzarətində olan hərbi- siyasi blokun üzvüdür. Azərbaycan isə müstəqil siyasət yürüdür və heç bir hərbi-siyasi blokda təmsil olunmur. Bununla İrəvan Qərbə mesaj ünvanlayır ki, ciddi dəstək olarsa Ermənistandakı hərbi-siyasi vəziyyəti qismən də olsa dəyişmək olar”.