"Çox istərdim ki, Rəsulzadənin adı universitetə qaytarılsın" - Məzunun yubiley təbriki... Siyasət

"Çox istərdim ki, Rəsulzadənin adı universitetə qaytarılsın" - Məzunun yubiley təbriki...

Bu gün Azərbaycanın ən qocaman ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetinin 100 yaşı tamam olur. Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev yubiley düşüncələrini Moderator.az-la bölüşüb:

"Bakı Dövlət Universiteti Azərbaycanın ilk ali təhsil müəssiəsi və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi həmişə xalqımızın və dövlətimizin qürur yeri olacaq. Çox istərdim ki, BDU-da aparılacaq təhsil islahatlarının nəticəsində reytinqinə görə dünyanın ilk 100 universitetinin siyahısına düşsün və Rəsulzadənin adı universitetə qaytarılsın. Bunun üçün bütün imkanlar var. Tələb olunan təhsilə büdcədən daha çox pul ayırmağımız və universitetləri dövlətin nəzarətindən çıxarmaqla siyasətdən kənar tutmağımız, tariximizə ehtiram nümayiş etdirməmiz lazımdır. Əminəm ki, BDU yaxın illərdə regionun ən nüfuzlu universitetlərindən birinə çevriləcək.

Mən BDU-nun yetirməsi kimi bütün müəllimlərimi, universitetin müəllim - tələbə kollektivini böyük yubiley münasibətilə təbrik edir, ölkəmizin xoşbəxt gələcəyi naminə onlara fəaliyyətlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik arzu edirəm.