Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir Siyasət

Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da səfərdədir

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Diaspor Komitəsinin
nümayəndə heyəti Boston və Portlənd şəhərlərində yaşayan soydaşlarımızla görüşlər
keçirib. Tədbirlərdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və digər
məsul şəxslər, Boston və Portləndəki diaspor təşkilatlarının, türk icmasının
nümayəndələri, ABŞ-ın məşhur Universitetlərində, o cümlədən Harvard Universitetində
təhsil alan gənclərimiz, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar iştirak ediblər.
Hər iki tədbirdə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videomaterial və
Azərbaycan Diasporuna Dəstək Fondunun tanıtım çarxı nümayiş etdirilib.
Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub. Fondun
fəaliyyət istiqamətləri və fonda müraciət formaları, ölkəmizin diaspor siyasəti,
Vətənimizin müxtəlif tarixi mərhələlərdə inkişafı, beynəlxalq əlaqələr, xüsusən də Dağlıq
Qarabağ problemi barədə ətraflı məlumat verilib.
Görüşün təşkil edilməsinə görə Diaspor Komitəsinə minnətdarlıqlarını bildirən
soydaşlarımız Bostonda bu qədər azərbaycanlının bir araya gəlməsinin ilk dəfə baş
verdiyini vurğulayıblar. Onlar bu addımı həmyerlilərimizin şəbəkələşməsi və
təşkilatlanması üçün atılan ən mühüm addım kimi dəyərləndiriblər. Portlənddə isə
soydaşlarımızın təşkilatlanması, onların müxtəlif platformalar üzərindən birləşməsi üçün
atıla biləcək addımlardan, dünyada Vətənimizin daha da yüksək səviyyədə tanıdılma
imkanlarından danışılıb.
Görüşlərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə və Amerika
cəmiyyətinə çatdırılmasında soydaşlarımızın rolundan danışılıb, bu istiqamətdəki
fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Tədbirlər qarşılıqlı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə
yekunlaşıb.
Daha sonra, ABŞ-da səfərdə olan nümayəndə heyətinin üzvləri Men ştatının
Portlənd şəhər meriyasında, Cənubi Men Universitetində, senator Syuzan Kollinzin
ofisində, “Study Maine” təhsil mərkəzində görüşlər keçirib.
Şəhər meneceri Con Cenninqs və İqtisadi Potensial Bürosunun direktoru Culia
Truksio Luenqo, Cənubi Men Universitetinin prezidenti Glen Kamminqs, prezidentin
müxtəliflik və qəbul üzrə xüsusi məsləhətçisi professor Reza Celali, dövlət idarəsinin
nümayəndəsi Keyt Simpson, eləcə də “Study Maine” şirkətinin direktoru və baş ticarət
mütəxəssisi Zeynəb Türklə görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli
strateji tərəfdaşlıq, ölkəmizin sosial-iqtisadi inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi
ilə müxtəlif sahələr üzrə həyata keçirilən dövlət proqramları, Dağlıq Qarabağa dair
Azərbaycan həqiqətləri, ölkəmizin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti,
azərbaycanlıların Portləndin yerli cəmiyyətinə uğurlu inteqrasiyası məsələləri, şəhərin
ictimai-siyasi və sosial həyatında onların fəal iştirakı, təhsil sahəsində mübadilə
proqramları və s. məsələlər müzakirə olunub.
Cənubi Men Universitetinin kitabxanasına Azərbaycandan gətirilən kitablar hədiyyə
edilib.