Türk Şurası beşinci Beynəlxalq Gənclər Düşərgəsi Bakıda keçiriləcək Siyasət

Türk Şurası beşinci Beynəlxalq Gənclər Düşərgəsi Bakıda keçiriləcək

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Şurası Gənclər və İdman nazirlərinin 4-cü iclası öz işinə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, Qırğızıstanın Gənclərlə Iş, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyinin direktoru, Qırğızıstanın İnformasiya və Sosial İnkişaf naziri, Türkiyənin Gənclər və idman naziri, Özbəkistanın Bədən Tərbiyəsi və idman nazirlərinin qatıldığı tədbirdə, Azərbaycan Respublikasını Gənclər və İdman naziri Azad Rəhimovun rəhbirlik etdiyi nümayəndə heyəti təmsil edir.
Türk Şurasına üzv Dövlətlərin gənclər sahəsindəki əməkdaşlığı, Gənclər Platformasının 2-ci Baş Assambleyası Forumunun, 3-cü Türk Şurası Gənc Liderlərin Forumunun tarixlərinin müəyyən olunması və digər mühüm məsələlər iclas zamanı gənclər sahəsində aparılan müzakirələr sırasında olub.
İclasda çıxış edən nazir Azad Rəhimov bildirib ki, hal hazırda Bişkekdə baş tutan iclasdan öncə İstanbul, Bakı və Astanada toplantılar keçirilib. Eyni zamanda, daimi olaraq Türk Şurasında bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Nazir Türk Şurası çərçivəsində gənclər və idman sahəsində əməkdaşlığımızın düzgün istiqamətdə getdiyini bildirib: "Bildiyiniz kimi, keçən ay Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası Bakıda təşkil edilmişdi. Baş Assambleyanın Türk Şurası Zirvə Toplantısı ərəfəsində keçirildiyini nəzərə alsaq yaxşı bir ənənənin qoyulduğunu görərik. Təklif edirəm ki, Baş Assambleyalar məhz Zirvə Toplantıları öncəsi keçirlisin". Azad Rəhimov 2020-ci ilin yay aylarında Türk Şurası beşinci Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsini təklif etdi.
Səfər çərçivəsində Azərbaycan Respublikası Gənclər və idman naziri Azad Rəhimov və Qırğızıstan Respublikası Hökuməti yanında Gənclər, bədən tərbiyəsi və idman direktoru Kanat Amankulov arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş və Gənclər siyasəti sahəsində 2020-2021-ci illəri əhatə edən Tədbirlər planı imzalanıb.