Nəhənglərin mübarizəsi başlayır Siyasət

Nəhənglərin mübarizəsi başlayır

Birləşmiş Ştatlar və Fransa rəqəmsal vergi haqqında mübahisə çərçivəsində bir-birini yeni sanksiyalar və gömrük rüsumları ilə hədələyib. NATO sammiti çərçivəsində Londonda görüşən hər iki lider eyni zamanda məsələni sakit şəkildə müzakirə etməyə də hazır olduqlarını bildirib.
Məlumata əsasən, söhbət Fransanın IT sahəsində nəhəng şirkətlərin gəlirlərinə tətbiq etdiyi vergidən gedir. Buna cavab olaraq Birləşmiş Ştatlar Fransa məhsullarına 100%-lik gömrük rüsumları tətbiq edəcəyini bildirir. Rəsmi Paris isə öz növbəsində belə bir qərar tətbiq olunacağı təqdirdə buna Avropa İttifaqı çərçivəsində qətiyyətlə cavab veriləcəyinə söz verib.
"Çox təəssüf ki, Biarritsdə baş tutan "Yeddilik" sammiti çərçivəsində əldə olunan razılaşmaları reallaşdıra bilmədik. Avropa və ABŞ arasında vergilərin İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı çərçivəsində həlli olduqca maraqlıdır. Bu, məhdudiyyətsiz çoxtərəfli vergi olmalıdır. Rəqəmsal sektorda vergilərin tətbiqi hər bir konkret ölkənin real sektoruna uyğun olmalıdır. Qarşıdakı həftələrdə baş tutacaq danışıqların nə ilə nəticələnəcəyinə baxaq. Lakin istənilən halda cavab ümumi, Avropa səviyyəsində veriləcək. Çünki söhbət tək Fransadan yox, Avropadan gedir", - deyə Fransa Prezidenti Emmanuel Makron bildirib.
"Hazırkı vəziyyət ədalətli deyil. Çünki Birləşmiş Ştatlar Avropa ilə ticarətdə milyardlarla pul, daha dəqiq hər il 150 milyard dollar itirir. Biz bundan sonra işlərin bu formada getməsini istəmirik. Biz razılaşma imzalaya bilərik və ya qarşı-qarşıya gələ bilərik. Əgər biz istəsəydik, bu problemi dərhal həll edə bilərdik. Lakin mən bunu istəməzdim. Çünki burada bizim dostlarımız var. Mən əminəm ki, biz həll yolu tapacağıq", - ABŞ Prezident Donald Tramp deyib.
Avropa İttifaqı hesab edir ki, bu mübahisənin həllində Ümumdünya Ticarət Təşkilatı vasitəçi ola bilər.