“Azərbaycan dövlətinin xarici siyasətində prioritet hesab olunan istiqamətlərdən biri də...” Siyasət

“Azərbaycan dövlətinin xarici siyasətində prioritet hesab olunan istiqamətlərdən biri də...”

Millət vəkili: “Regional əməkdaşlıq münasibətlərinin sağlam və möhkəm təməllər üzərində qurulmasıdır”

“Azərbaycanla Türkmənistan arasındakı əməkdaşlığın dərinləşməsi iqtisadi rifaha, təhlükəsizliyə və mədəni inkişafa xidmət edir”.
Bunu Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin xarici siyasətində prioritet hesab olunan istiqamətlərdən biri də regional əməkdaşlıq münasibətlərinin sağlam və möhkəm təməllər üzərində qurulmasıdır:
"Hər hansı bir regionda sabitlik və əmin-amanlıq hökm sürmürsə, tərəqqi və inkişaf sual altında qala bilər. Çünki sosial-iqtisadi inkişafın əsasında hər şeydən əvvəl təhlükəsiz siyasi şərait dayanır. Regionda bu şəraiti bərqərar etmək isə dövlətlərarası əməkdaşlıqla şərtlənir. Bu baxımdan müasir geosiyasi reallıqları ən incə dəqiqliyinə qədər dərk edən Azərbaycan dövləti həm ikitərəfli, həm də çoxtərəfli formatlar vasitəsilə regional əməkdaşlığa böyük önəm verir. Azərbaycan-Türkmənistan münasibətlərinin təməlində də məhz bu amil dayanır".
Deputat qeyd edib ki, son illər birgə həyata keçirilmiş layihələr nəticəsində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşımağa başlayıb. Çoxşaxəli səciyyə daşıyan əməkdaşlıq nəqliyyat-logistika sahəsində xüsusilə diqqəti cəlb edir:
"Hər iki ölkə Şərqdən Qərbə uzanan strateji əhəmiyyətli nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Tərəflər arasında logistika sahəsindəki əməkdaşlığın xarakterini görmək üçün “Lazurit korridoru” (“Lyapis Lazuli”) layihəsinə nəzər yetirmək kifayətdir. Bu dəhliz Əfqanıstandan başlayıb Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya çıxır və beləliklə, ölkələrimiz Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayır. Bu isə yerləşdiyimiz regionun beynəlxalq münasibətlər sistemində geosiyasi çəkisinin artmasına rəvac verir".
E.Mirbəşir oğlu əlavə edib ki, ölkəmizdə aparılmış ciddi infrastruktur tədbirləri nəticəsində müasir standartlara cavab verən dəniz limanları tikilib. Bu da ərazilərimizdən keçən tranzit yüklərin həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.
Politoloqun sözlərinə görə, Azərbaycan təhlükəsiz və stabil ölkə olduğu üçün bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır:
"Türkmənistanla Azərbaycan arasında logistika sahəsində əməkdaşlığımızın hər ötən il daha da dərinləşməsi məhz bu reallıqlardan xəbər verir. Nəzərə alaq ki, Prezidentlərin sonuncu görüşündə nəqliyyat-tranzit sahəsinin inkişafı istiqamətində səylərin intensivləşdirilməsi və ümumi işlərin daha koordinasiyalı şəkildə əlaqələndirilməsi barədə ciddi razılıqlar əldə olundu. Tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi öz növbəsində siyasi münasibətlərimizin daha da sağlamlaşdırılmasına və inkişafına zəmin yaradır. Belə ki, dünən imzalanmış Birgə Bəyannamədə Azərbaycan dövlətinin ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu. Bütün bu amillər onu deməyə əsas verir ki, Azərbaycanla Türkmənistan arasındakı əməkdaşlığın dərinləşməsi iqtisadi rifaha, təhlükəsizliyə və mədəni inkişafa xidmət edir".