“Ekstremizmdən can qurtarmaq üçün tolerantlıq təşviq olunmalıdır” Siyasət

“Ekstremizmdən can qurtarmaq üçün tolerantlıq təşviq olunmalıdır”

Florensiya Universitetinin sabiq rektoru: "Cənubi Qafqazda sülhün bərqərar olmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına dönməsini istərdim"

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində təşkil edilən "Humanizm postmodern dövrün başlıca dəyəri kimi" adlı dəyirmi masada "Prioritetlərin dəyişməsi: yeni universializmin formalaşması və tolerantlığın mühüm mənəvi dəyər kimi irəli sürülməsi" mövzusunun müzakirəsi davam etdirilir.
APA-nın məlumatına görə, sessiyada çıxış edən Malta parlamentinin sabiq sədri Maykl Frendo tolerantlığın düzgün təqdim olunmasını zəruri saydığını deyib. M. Frendo bildirib ki, tolerantlıq bir-birinin fikirlərinə qarşılıqlı olaraq hörmətlə yanaşmaqdır. Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik tədbirləri çərçivəsində insanların azadlığı məhdudlaşdırılırsa, dini radikalizm baş verirsə, tolerantlıq yenidən dəyərləndirilməlidir: "Hər bir şəxsin digərini başa düşməsi, sakit şəraitdə yaşaması vacibdir. Bu, tolerantlıqdır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə bütün sərhədlər açılır, miqrasiya artır. Ekstremizmdən can qurtarmaq üçün tolerantlıq təşviq olunmalıdır. Biz tolerantlıqdan da qabağa getməli, bir-birimizi daha yaxşı başa düşməli, hər kəsin ləyaqətinə, müxtəlif mövqelərə hörmətlə yanaşmalıyıq. Sosial harmoniyanın yaradılması mümkündür. İnsan ləyaqətindən vacib heç nə ola bilməz".
ADU-nun professoru Çəmən Babaxanova isə deyib ki, azərbaycanlılar Ermənistandan qaçqın düşən zaman zorakılıqla üzləşiblər: "Ermənistanın Amasiya rayonu Azərbaycanın Qazax rayonu ilə qonşudur. Erməni qonşular bildirmişdilər ki, gecə ilə dağla qaçın, sizi öldürəcəklər. Fevralda 3 gün ərzində dağ yolu ilə qaçan 50 insandan yalnız 30-u gəlib Qazaxa çatdı". Almaniya və Fransa arasında müharibələrin baş verdiyini və bu gün bu iki ölkə arasında sürətli inteqrasiyanın olduğunu qeyd edən sessiyanın moderatoru, Florensiya Universitetinin sabiq rektoru Paolo Blazi isə deyib ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına dönməsini istəyir. Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz isə dünyada təhlükə altında olan dillərin qorunmasının vacibliyindən danışıb. Bununla da "Prioritetlərin dəyişməsi: yeni universializmin formalaşması və tolerantlığın mühüm mənəvi dəyər kimi irəli sürülməsi" mövzusunda seminar başa çatıb.