“Freedom House”un heç bir məlumatı əsaslı deyil“ Siyasət

“Freedom House”un heç bir məlumatı əsaslı deyil“

Fərasət Qurbanov: "Bu təşkilatın hesabatları ermənilərin diqtəsi ilə hazırlanır"

"Freedom House" azadlıq təşkilatının prezidenti Devid Kramer rəsmi Bakını sanksiyalara cəlb etmək üçün çalışacaqlarını bəyan edib: ""Bir çoxları Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını mümkün hesab etmir, ancaq yeganə yol çalışmaqdır". Kramerin fikrincə, yüksək çinli məmurlardan təxminən 15 nəfərə sanksiyalar tətbiq edilə bilər".
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Freedom House"un rəhbəri Devid Kramerin Azərbaycana qarşı sanksiya çağırışına münasibət bildirərkən deyib ki, Azərbaycanı müxtəlif qruplara qoşmaq, müxtəlif dövlətlərı qarşı qoymaq istəyirlər: "Hesab edirlər ki, Azərbaycan onların diktəsi ilə hərəkət etməli, düşünürlər ki, hər bir müstəqil dövlət onların qoltuğunun altına girməlidir. Həmişə öz qərəzi ilə gündəmə gələn "Freedom House" təşkilatının Azərbaycana qarşı sanksiyası çağırışı da burdan qaynaqlanır".
Siyavuş Novruzov bildirib ki, Azərbaycan müstəqil siyasət aparır və bu siyasət xalqın, dövlətin maraqlarına xidmət edir: "Azərbaycan 1993-cü ildə ümummilli lider hakimiyyətə gələndən sonra balanslaşdırılmış siyasət aparır, hər bir dövlətlə bərabər şəkildə əməkdaşlığını qurur. Bu müstəqil siyasətdir və bir çox dairələri qıcıqlandırır".
O, əlavə edib ki, "Freedom House" adi bir QHT-dir və bir QHT-nin hansısa dövlətə qarşı sanksiya çağırışı etməsi onun daxili işlərinə qarışmaqdır: "Bu isə qeyri-qanuni addımdır. Bu təşkilatın İdarə Heyətində bir neçə erməni var. Məhz erməni lobbisindən aldığı maliyyə hesabına Azərbaycan haqqında müxtəlif ölkələrdə, qurumlarda qeyri-dəqiq, qərəzli rəy formalaşdırır. Bu təşkilat 20 ildir eyni şey edir və hesab edirəm ki, buna əhəmiyyət vermək lazım deyil. Nə istəyirlər, desinlər. Azərbaycan yenə də öz yolu ilə gedəcək. Bu yol xalqın maraqların xidmət edir. Biz bu maraqları "Freedom House"un, onlara danos yazanların, yaxud onların diktəsi ilə oturub-duranların maraqlarına qurban verə bilmərik".
Siyavuş Novruzov qeyd edib ki, "Freedom House"un hesabatları, çıxışları Leyla Yunus və onun kimi vətən xainlərinin informasiyası əsasında hazırlanır: "Avropada bu qədər hadisələr baş verir. ABŞ-da bu yaxınlarda bir qaradərilinin ölümü ilə bağlı mitinqlər keçirildi. Həmin mitinqlərə ordu yeridildi, dağıdıldı, həbslər oldu. Almaniyada dəfələrlə belə hallar olub, Yunanıstan xalqı dəhşət içində mitinqlərdə zülmlərə məruz qalırdı. Cənubi Qafqazda da Ermənistanda gülləbaranlar oldu, insanlar öldürüldü, həbslər, antidemokratik addımlar bu gün də davam edir. Eləcə də digər qonşu ölkələrdə də bu tipli hadisələri izləyirik. Amma "Freedom House" bir dəfə də olsun bunlar haqqında danışmayıb. Göründüyü kimi, hər şey Azərbaycana qarşı qərəzdən irəli gəlir. Halbuki, bu təşkilatın Azərbaycanla bağlı verdiyi heç bir məlumat əsaslı deyil. Sadəcə olaraq, Leyla Yunus və ona bənzər vətən xainlərinin informasiyaları hesabına hazırlanır. Hamısı da bir mərkəzdən, erməni lobbisi tərəfindən idarə olunur. Belə təşkilatların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz müstəqil siyasətini aparacaq və hər bir dövlətlər bərabərhüquqlu şəkildə əlaqələrini quracaq".
Politoloq Ramiz Alıyevin sözlərinə görə, hər bir dönəmdə ölkəmizin uğurlarına qısqanclıqla yanaşmanın nəticəsi olaraq haqqımızda bu cür məkrli və qərəzli fikirlər səslənir: "Səbəb isə hər kəs üçün də aydındır. Azərbaycanın hazırki hakimiyyəti heç zaman imkan verməyəcək ki, Azərbaycanın daxili işinə hansısa bir ölkə və beynəlxalq təşkilat qarışsın, ölkə daxilində təxribatlar hazırlamaq üçün kəşfiyyatçı dəstələr hazırlasın. Yaxud onların QHT, KİV, siyasi partiya adı altında fəaliyyətinə dəstək verilisin. Bütün bu kimi fəaliyyətlər qanunla müəyyən olmuş qaydada həyata keçirilməlidir. Azərbaycanda yüzlərlə QHT, KİV fəaliyyət göstərir. Kifayət qədər siyasi partiyalar var, onlar da bütün seçkilərdə aktiv iştirak edirlər. Ancaq hansısa bir QHT təmsilçisi qanundan kənar işlərlə məşğul olduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılırsa və həmin şəxslərin qanun qarşısında cavab verilməsi tələb olunursa bu hal niyə hansısa bir dövlətə və hansısa beynəlxalq təşkilata pis təsir etməlidir? Məgər bizdə insanları etiraz aksiyası edən zaman onları silahdan açılan güllə ilə qarşılayırıq? Yaxud həmin aksiyalarda insanların ölümü ilə nəticələnən addımlar atırıq? Məgər bizdə ölüm hökmü, Quantanamo həbsxanası var? İrqi, dini ayrı-seçkilik mövcuddur? Amma bu saydıqlarımın hamısı bizim ölkəmizə qərəzli şəkildə irad tutan ölkələr də var! Görəsən niyə bu kimi problemləri aradan qaldırmırlar? Görəsən həqiqətənmi bizim ölkəmizi, ölkəmizin əhalisini və onların hüquqlarının qorunmasını bu qədərmi istəyirlər?! Əgər həqiqətən də elədirsə onda niyə bir milyon qaçqın və köçkün əhalimizin hüquqlarını təmin etməyimizdə bizə kömək etmirlər? Deməli onlara insan hüquqlarının pozulması yox, öz təmsil olunduqları ölkələrin və təşkilatların maraqları lazımdır".
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlar tətbiq etməsi yeni hadisə deyil: "Belə ki, hər il ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən müxtəlif ölkələrin vətəndaş cəmiyyəti, eləcə də həmin dövlətlərin mənzərəsi haqqında hesabatlar hazırlanır və internet vasitəsilə bütün dünyaya yayımlanır". Onun sözlərinə görə, artıq bir çox tanınmış təşkilatların hazırladığı hesabatlar ictimaiyyət üçün heç bir əhəmiyyət kəsb etmir: "Hazırlanan hesabatların hər birində ölkəmizə qarşı qərəzli yanaşmanın və informasiyaların təhrif olunduğunun şahidi oluruq. Azərbaycanda həm demokratik dəyərlərin, həm də iqtisadi inkişafın olmasına baxmayaraq, təşkilatın hesabatı sanki bir nəfər üçün hazırlanır. Dəyişən isə, ancaq tarixlərdir". Fərasət Qurbanov deyib ki, hesabatda yer alan məqamlar və tənqidi fikirlər hər zaman olduğu kimi, təkrarlanır: "Təbii ki, bu kimi hesabatların heç biri həqiqəti əks etdirmir. Həmin təşkilatlar belə addımlarla ilk növbədə öz imiclərinə zərbə vurmuş olurlar. Cəmiyyətin bütün üzvləri dərk edirlər ki, onların hazırladıqları hesabatlar ciddi sənəd deyil. Hesabatlar hazırlanarkən nəinki fərqli mənbələrdən, hətta heç bir mənbədən məlumat almırlar. Hesabatlardakı fikirlər onların öz düşüncə tərzidir. Hesabatı görmək istədikləri kimi hazırlayır və təsdiq edirlər". O, hesab edir ki, bu cür təşkilatlarda Azərbaycanı sevməyən qüvvələr cəmləşib:
"Əminəm ki, həmin təşkilatların hesabatları ermənilərin diqtəsi ilə hazırlanır. Son günlər regionda baş verən hadisələr onu göstərir ki, beynəlxalq təşkilatların hesabatlarına istinad etmək mənasızdır". Fərasət Qurbanov onu da qeyd edib ki, Ukrayna hadisələrinə görə Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq olunmasına baxmayaraq, ölkəmizin 20 ildən çoxdur işğal olunan ərazilərini geri qaytarmayan ermənilərə qarşı heç bir addım atılmır: "Bu da o deməkdir ki, dünyanın aparıcı gücləri terrorçulara, işğalçılara müəyyən mənada fərqli yanaşırlar. Hər kəs dərk edir ki, Azərbaycanla bağlı qəbul olunan qərarlar yalnız qərəzli xarakter daşıyır". O, həmçinin deyib ki, ölkədə fəaliyyət göstərən QHT-lər ikili standartlarla bağlı bütün siyasi qurumlara, eləcə də Avropa Şurasına, BMT-yə müraciətlər ünvanlanmalıdır: "Leyla Yunusa gəlincə, o, qanunları pozub. O, QHT üzvü kimi deyil, qanuna əməl etməyən Azərbaycan vətəndaşı kimi saxlanılıb və araşdırmalar aparılır. Nəticələr açıqlanmamış və rəsmi mövqe sərgilənməmiş bəzi beynəlxalq təşkilatlar bu məsələni siyasiləşdirərək Azərbaycana təzyiq etmək istəyirlər".

Əli