“Ermənistanın törətdiyi vandalizm və barbarlıq insanlığa qarşı cinayətdir Siyasət

“Ermənistanın törətdiyi vandalizm və barbarlıq insanlığa qarşı cinayətdir

Oktyabrın 20-21-də Moskva şəhərində Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) tərəfindən "Müasir şəraitdə əqli mülkiyyət sahəsinin transformasiyası" mövzusunda XXIV beynəlxalq konfrans keçirilir.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov onlayn rejimdə tədbirin plenar hissəsinə qoşularaq, salamlama nitqi söyləyib. O, belə bir mötəbər beynəlxalq forumda iştirak etmək üçün dəvət olunduğuna görə təşəkkür edərək, bunu Rusiya və Azərbaycan xalqları arasındakı sıx dostluq əlaqələri, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı dövlət münasibətlərinə xarakterik olan strateji tərəfdaşlığı bir daha təsdiqləyən fakt kimi qiymətləndirib.
Kamran İmanov çıxışında xalqımız üçün bu an ən vacib məsələyə - Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal etməsinə və ölkəmizə qarşı başladığı yeni hərbi təxribat məsələsinə xüsusi diqqət yetirib. O, Azərbaycanın əks-hücum əməliyyatlarının öz torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığını tədbir iştirakçılarına bildirmiş və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin hərbi əməliyyatların Azərbaycan ərazisində aparıldığı barədə sözlərini yada salaraq, dost Rusiyanın belə yanaşmasını xüsusi qeyd edib.
Agentliyin rəhbəri Rusiyanın səyləri nəticəsində atəşkəsin əldə edilməsinə baxmayaraq, bir gün keçməmiş Ermənistan silahlı qüvvələrinin ölkəmizin sıx məskunlaşmış yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmağı davam etməsini diqqətə çatdıraraq, qadağan edilmiş “Toçka-U” raketləri vasitəsilə gecə vaxtı ölkənin ikinci böyük şəhəri Gəncəyə endirilmiş raket zərbəsinin hərbi cinayət olduğunu deyib.
Ermənistanın Vardenis rayonundan atılan ballistik raketin 10 nəfərin ölümünə və 35 nəfərin yaralanmasına səbəb olduğunu, “Skad” tipli raketlər vasitəsilə həmin şəhərə edilmiş növbəti zərbə nəticəsində isə 13 nəfərin həlak olduğunu və 50 nəfərdən artıq şəxsin yaralandığını konfrans iştirakçılarının diqqətinə çatdıran K.İmanov bildirib: “Bu, mülki əhaliyə qarşı törədilən terrordur, xarici diplomatların şahidi olduqları vandalizm və barbarlıq hərəkətlərin nəticələri BMT Baş katibi və Avropa İttifaqı tərəfindən pislənilib. Bu, insanlığa qarşı cinayətdir.”
Qeyd edək ki, beynəlxalq konfransda dünyanın 26 ölkəsindən və Rusiyanın 59 bölgəsindən 600-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Avropa Patent İdarəsi, xarici ölkələrin dövlət qurumları və patent idarələri, ictimai təşkilatların və biznes dairələrinin nümayəndələri də var.