Azərbaycan nümayəndə heyəti kardinal Canfranko Ravazi ilə görüşüb Siyasət

Azərbaycan nümayəndə heyəti kardinal Canfranko Ravazi ilə görüşüb

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqının Roma Papasının Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsini gündəmə gətirməsindən təəssüf hissi keçirdiyini deyib

"İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfransda iştirak etmək üçün İtaliyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Vatikanda Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi tərəfindən qəbul edilib.
Azərbaycan nümayəndə heyətinin Vatikanda salamlamaqdan böyük məmnunluq duyduğunu dilə gətirən kardinal, Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən təşkil olunan konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra o, Azərbaycan 2 dəfə səfər etdiyini, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşlərini məmnuniyyətlə xatırladığını bildirib, Heydər Əliyev Fondu ilə Vatikan arasında nümunəvi əməkdaşlıq münasibətlərinin mövcudluğundan məmnun olduğunu ifadə edib.
Kardinal Ravazi Mehriban xanımın dəstəyi ilə Vatikanda həyata keçirilən işlər barədə Azərbaycan nümayəndə heyətinin üzvlərinə məlumat verib və hazırda gələcək əməkdaşlığa dair planların da gözdən keçirildiyini diqqətə çatdırıb. Azərbaycan nümayəndə heyəti adından səmimi qəbul üçün kardinala təşəkkürlərini bildirən millət vəkili Azər Kərimli Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını kardinal Ravaziyə çatdırıb və Romada 10 dekabrda keçirilən "İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi" mövzusunda konfransla bağlı kardinala məlumat verib. Azərbaycan nümayəndə heyətinin tərkibi haqda məlumat verən millət vəkili Azərbaycanın dini və etnik dözümlülük nümunəsi olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tac ilə əməkdaşlıq çərçivəsində Vatikanda həyata keçirdiyi işlərin də Azərbaycanda mövcud olan tolerantlığa yaxşı bir baxış prizması formalaşdırdığına diqqət çəkib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı 10 dekabr tarixli konfransın olduqca uğurlu keçdiyini, dünyada dini zəmində münaqişələrin və qarşıdurmaların tüğyan etdiyi bir vaxtda tolerantlığın, birgəyaşayışın təbliğ olunmasının əhəmiyyətindən danışıb. Azərbaycan ilə Vatikan arasında münasibətlərin yaxşı səviyyədə olduğunu bildirən Komitə sədri, mərhum Papa II İohan Pavelin Azərbaycana səfərini xatırladıb. Çıxışının sonunda kardinal Ravaziyə Müqəddəs Quran kitabı bağışlayan Komitə sədri Azərbaycan ilə Vatikan arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməli olduğunu bildirib. Görüşdə iştirak edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev müxalifət partiyalasının sədri kimi Vatikanla Azərbaycan arasındakı əlaqələrin inkişafından və bu istiqamətdə hökumətin atdığı addımlardan razı qaldığını bildirib.
Qüdrət Həsənquliyev Roma Papasının Türkiyəyə səfəri zamanı Qarabağ məsələsini, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurdlarından didərgin düşmüş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün gələcək taleyindən söz açmadığını, lakin Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsini gündəmə gətirdiyini xatırladıb, Azərbaycan xalqının bundan təəssüf hissi keçirdiyini deyib. BAXCP sədri Gürcüstan katalikosu II İlyanın erməni qriqoryan kilsəsinin nümayəndələri ilə görüşündə Roma papasının adından danışdığını bildirib: "Hərçənd ki, biz II İlyanın dediklərinə inanmırıq, lakin məsələni olduğu kimi dilə gətirməyi özümə borc bilirəm. Gürcüstan katalikosu bildirib ki, guya Roma papası onunla görüşdə guya Ermənistanla Gürcüstanın müsəlman ölkələrinin əhatəsində bir vadi olduğunu və buna görə də bir-birlərini qorumalı olduqlarını deyib. Təbii ki, biz bütün bunların həqiqət olduğuna inanmasaq da, hesab edirəm, belə açıqlamalara aydlnlıq gətirilməlidir".
Kardinal Gianfranco Ravazi BAXCP sədrinin narahatlığını başa düşdüyünü deyib, səmimi və açıq fikirlərinə görə ona təşəkkürünü bildirib. Kardinal Ravazi deyib ki, Roma Papası müsəlman dünyası ilə dialoqu fəaliyyətinin əsas prinsiplərindən biri hesab edir. O, Qüdrət Həsənquliyevin fikirlərinin Vatikan Dövlәtinin katibliyində araşdırılacağını bildirib. Kardinal Ravazi eyni zamanda qeyd edib ki, bəzən mətbuat həqiqətdən uzaq fikirlər də yazır. Görüşün sonunda millət vəkili Azər Kərimli Azərbaycan nümayəndə heyəti adından kardinala, pontifik şurasının prezidenti Canfranko Ravazi isə Müqəddəs Taxt-Tac adından millət vəkilimizə xatirə hədiyyəsi təqdim edib.