Üzeyir bəyin büstünün Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzidir Siyasət

Üzeyir bəyin büstünün Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzidir

Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə Şuşaya səfər etməsi və burada səsləndirdiyi bəyanatlar hər bir azərbaycanlıda qürur hissi oyatdı. Şuşa səfəri tarixi, eyni zamanda daxili və xarici auditoriyalara zəngin mesajlar ehtiva edən bir səfər idi. Onu da deyim ki, müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı Şuşaya getmişdi.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın ziyarət etdikləri obyektlərin hamısı - Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.
Ağdamda olduğu kimi Şuşada da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərini ziyarət edərək məscidlərə Məkkədən gətirilmiş “Qurani-Şərif” kitabları hədiyyə verdilər, dualar etdilər.
Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəllərinin Şuşaya qaytarılması və açılışının olması isə ayrıca bir diqqət çəkən tarixi anlar idi. Təbii ki, bu güllələnmiş büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür”.

Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq. Vətən müharibəsindəki möhtəşəm Zəfərlə yeni doğuluşunu yaşayan azərbaycanlı etnosunu mütləq yeni mədəni intibah gözləyir. Diqqət çəkən digər məqam isə Prezidentin avtomobil sürərkən Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisini nümayiş etdirməsi oldu. Çünki bəllidir ki, bir müddət əvvəl burada erməni diversantları böyük təxribat törətmişdilər, xüsusi əməliyyatdan sonra çoxsaylı diversant ələ keçirilmişdi. Moskva görüşü ərəfəsi Ermənistan baş naziri onların azad olunmasını şərt kimi irəli sürsə də, Azərbaycan bu tələbi rədd etmişdi.

Cıdır düzündə bundan sonra muğam səsi eşidiləcək

Başqa bir diqqət çəkən məqam Prezident Xocalı rayonun Sığnaq kəndindən keçərkən Azərbaycan, Türkiyə bayraqları və yolu inşa edən Türkiyənin “Kolin” şirkətinin bayrağının nümayiş olunması idi. Bu da təbii ki, keçmiş Dağlıq Qarabağın inzibati ərazisi olmuş yerlərə Türkiyə və Azərbaycanın birgə daxil olmasının rəmzi sayıla bilər.
Ümumiyyətlə bu bir reallıqdır ki, Paşinyan və ailə üzvləri, daha əvvəllər isə Sarksiyan, Koçaryan və digər xunta üzvləri Şuşaya hərbi əsirləri işgəncə vermək, büst oğurlamaq, talan üçün gəlirdisə, Azərbaycan rəhbərliyi quruculuq üçün gedir.
Burada həm məscid, həm də kilsəni ziyarət etməklə Prezident dünyaya tolerantlıq, gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar vermiş oldu.Prezident bununla bağlı deyib: “Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə salıb”. Təbii ki, Heydər Əliyev Fondu tərəfindən bütün tarixi-dini abidələrimiz, o cümlədən Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq.

Bir xatırlatmanı edim ki, 1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt İlham Əliyev də orada idi. Prezident müzəffər Ali Baş Komandan kimi 39 il sonra yenidən Şuşaya qayıtdı. O, 39 il əvvəlki səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçərək Ulu Öndərin Şuşayla bağlı vəsiyyətini, yarımçıq qalmış arzularını yerinə yetirdiyini, siyasi irsə sahib çıxıdığını göstərdi. Təbii ki, bu da qürur dolu anlar idi. O deyib: “Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir”.
Ölkə başçısı Vaqifin məqbərəsinin açılış günü səfər etməklə yalnız mədəniyyətimizə deyil, siyasi ənənələrimizdə varislik, ardıcıllıq mesajı verildi. İlham Əliyev 8 noyabrda Şuşanı Azərbaycana qaytarmışdı, yanvarın 14-də isə Azərbaycanı Şuşaya qaytardı. O da təqdir olunası məqamlardı ki, bu il Şuşada Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalı keçiriləcək. Həmçinin Şuşada muğam dinləniləcək, beynəlxalq muğam festivalı keçiriləcək.

Bununla bağlı ölkə başçısı deyib: “Cıdır düzündə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək”.
Qısası artıq Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub və Moskva səfərindən sonra Prezidentin Şuşaya səfəri Qarabağın sahibinin kim olması mesajını da ehtiva edir. Ölkə başçısının da dediyi kimi Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Səfər barədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın paylaşımları da diqqət çəkdi. Bu paylaşımlar qısa zamanda sosial şəbəkələrdə aparıcı trendə çevrildi. Bununla mesaj verildi ki, ölkənin ali siyasi elitasının səfərləri önündə təhlükəsizlik baxımından heç bir narahatlıq yoxdur.

Bir daha xatırlatmaq istərdim ki, ölkə başçısının bu tarixi strateji cəhətdən mühüm əhəmiyyətə malik şəhərdən verdiyi mesajlar çox mühüm əhəmiyyətə malik idi. Məsələn, Prezident İlham Əliyevin bu fikirləri tək mənfur qonşularımıza deyil, bütün dünyaya mesaj ola bilər: “39 ildən sonra Şuşaya düşmənin belini qıran müzəffər, qalib Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Qarabağın nə statusu, nə parlamenti, nə perspektivi, nə də gücü yoxdur.
Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də, status da gorbagor oldu, cəhənnəmə getdi. Azərbaycan şəhərlərinə, tarixi abidələrinə qarşı vandalizm aktlarını törədənlər Sarkisyan-Koçaryan cütlüyüdür. Koçaryan-Sarkisyan, mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq”.

Yəni Qondarma rejimin və Ermənistanın müharibə vaxtı qaçıb gizlənmiş, sonradan üzə çıxmış bəzi “siyasi liderlərinə” sərt xəbərdarlığın edilməsi bütün xalqın ürəyincə oldu desəm yanılmaram. Diqqət çəkən bəyanatlardan biri də bu idi ki, Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər Azərbaycanın səbri ilə oynamasın, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaqlar? Sərt bəyanatda da deyildiyi kimi-“Siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik”. Ölkə başçısının qeyd etdiyi kimi əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar.

Cıdır düzündə Yeravandan gələn dəstə sərxoş vəziyyətdə eybəcər rəqslər edirdilərsə, oranın əsl sahibi olan azərbaycanlılar Ali Baş Komandanın timsalında azərbaycansayağı çay dəstgahı ilə cavab verdilər.
“Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır”-deyə Prezident Şuşadan başqa bir təsirli mesajını vermiş oldu.

Prezidentin yetişdirdiyi yeni, vətənpərvər gənc nəsil

Ölkə başçısı deyib ki, biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik, heç kim bu torpaqları bizə elə-belə verməyib. Prezident xüsusi təyinatlıların adını da təsadüfən çəkmədi. Şuşanı ağlasığmaz əməliyyatla azad edən bu qüvvələr erməni ordusunun kabusuna çevrilib və dövlət başçısı Ermənistana xəbərdarlıq edərkən onların adını çəkməklə təxribatlara qarşı veriləcək cavabın miqyasını göstərir.
O bildirib: “Azərbaycanı silahlı qüvvələri, qəhrəman övladları, xüsusi təyinatlılar, Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır! Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”.

Daha bir diqqətçəkən məqam Ermənistanla dostluq edən müsəlman ölkələrinə olan mesajlar idi. Məlumdur ki, Ermənistan vandalizmi, irqçiliyi, etnik-dini dözümsüzlüyü dövlət siyasətinə çevirmiş islamofob ölkədir, məscidləri, dini abidələri, məscidlərin minarələrini dağıdıb, viranə qoyub, müqəddəs məbədləri təhqir edib, donuz saxlayıb, üzərində təhqiramiz ifadələr yazdırıb. Təbii ki, müsəlman dini abidələrini təhqir edən Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz. Ermənistanla dostluq edən müsəlman ölkələrin liderləri isə öz xalqlarına cavab verməlidir. Bu ölkəni dost ölkə kimi qəbul etmək riyakarlıqdır, Allahsızlıqdır.
Müsəlman ölkəsinin mütəxəssisləri Azərbaycanın icazəsi olmadan, qanunsuz olaraq torpaqlarımıza gəlib, orada aylarla oturub, Ermənistanın kriminal xunta rejimi ilə əlbir olub məscidi guya təmir etdilər. Ölkə başçısı bununla bağlı açıq şəkildə dedi: “Yuxarı Gövhərağa məscidininin Ermənistan tərəfindən “təmiri” riyakarlıq rəmzidir”.
Adətən, bir ölkənin tarixində yeni dövr, yeni mərhələ yarada bilmiş liderlərin ardıcılları haqqında “onun yetişdirdiyi xalq” ifadəsi işlənir. Milli Lider İlham Əliyevin hakimiyyətdə olduğu son illərdə vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.
Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var.
Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi.
Ölkə başçısı bu amilə də toxunaraq Şuşadan belə bir fikirlər səsləndirdi: “2003-cü ildə 10 yaşı, 15 yaşı olanların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruq tək birləşib”.
Həqiqətən də qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir. Azərbaycan bundan sonra daha da güclü olacaq. Ali Baş Komandanın da dediyi kimi birliyi olan ölkələr qələbə qazanırlar. İradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü. Azərbaycanın davası haqq davası idi Ermənistanın davası isə işğalçılıq davasıdır. Son olaraq Ali Baş Komandanın sözləri ilə fikirlərimi tamamlamaq istərdim: “Haqq-ədalət güc, iradə, siyasət, birlik hesabına zəfər çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Heydər Mirzəyev- Fəal gənc