Rəsul Quliyev iki qardaşı necə düşmən edib? Siyasət

Rəsul Quliyev iki qardaşı necə düşmən edib?

Sərdar Cəlaloğlu: ""İkimizi də aldatdı"

Sərdar Cəlaloğlu qardaşı, hüquqşünas Qurban Məmmədov əfv sərəncamı ilə həbsdən çıxandan sonra onunla görüşməyib. İctimaiyyətin kifayət qədər tanıdığı bu iki qardaşın arasındakı münasibətlərin normal olmaması zaman-zaman diqqət çəkib.
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında qardaşı ilə münasibətlərinin olmamasına baxmayaraq, daima onunla və ailəsi ilə maraqlandığını bildirib: "Həbsdən çıxandan sonra mən getməmişəm. Lakin mənim ailəm, övladlarım onlara baş çəkib. Səhhətində problem yoxdur, hər şey qaydasındadır".
ADP sədri qardaşı ilə münasibətlərini soyuqluğunun səbəbləri haqda çox danışmaq istəməyib. Lakin qısa olaraq bunun siyasi mövqeləri ilə bağlı olduğunu deyib.
"Bizim siyasi baxışlarımız üst-üstə düşmür. Bu baxımdan, şəxsi münasibətlərimizdə də müəyyən soyuqluq yaranıb", - deyə o, bildirib.
Lakin siyasi baxışlara görə iki qardaşın illərdir bir-biri ilə danışmaması əsas səbəb ola bilməz.
S. Cəlaloğlu daha bir detalı açıqlamağa razı olub. Onun sözlərinə görə, qardaşı Qurban Məmmədovla münasibətlərinin soyumasının ilk təməlini Rəsul Quliyev qoyub.
"Vaxtilə "Hürriyyət" qəzeti ölkənin bir nömrəli qəzeti idi. 35 min tirajla çıxırdı. Bu da kifayət qədər gəlir gətirirdi. Onda Rəsul Quliyev məndən kitabının qəzetdə çap olunmasını istədi. Mən ona kitabını çap edəcəyimiz təqdirdə hökumətin narazılığı ilə üzləşəcəyimizi, beləliklə qəzetimizi itirə biləcəyimiz dedim. Onda qəzetin satışından ayda 10 min dolar gəlir gəlirdi. Amma Rəsul Quliyev dedi ki, əgər elə olsa qəzetin bütün vəsaitini, itirdiklərini özü ödəyəcək. Kitabı çap etdik. 2 aydan sonra qəzetin tirajı 4-5 minə düşdü. Rəsul Quliyevə zəng edib dedim ki, vəziyyət belədir, kömək lazımdır. O isə pulunun olmadığını dedi. Onda "Hürriyyət"in sahibi Qurban Məmmədov idi. Qurbanla mənim aramda yaranmış ziddiyyətin bir səbəbi bu idi. Qurbanla Rəsulun düşmənçiliyi də bu məsələdən sonra yarandı. 100 min dollarla ziyana düşdük. Rəsul Qurbanı da, məni də aldatdı", - deyə S. Cəlaloğlu bildirib.