“ABŞ öz daxilində problemlərə diqqət yetirsin” Siyasət

“ABŞ öz daxilində problemlərə diqqət yetirsin”

"Azərbaycan ABŞ-ın etibarlı partnyorudur". Bu barədə Amerikanın "Caspian Group Holding" şirkətinin baş direktoru Rob Sübhani "The Washington Times" qəzetində dərc olunan məqaləsində bildirib.
Müəllif 11 sentyabr terror aktından sonra Azərbaycanın dərhal ABŞ-a dəstək verdiyini xatırladıb: "Azərbaycan Amerika əsgərləri ilə birlikdə vuruşmaq üçün Əfqanıstan və İraqa sülhməramlılarını göndərib. Azərbaycan Prezidenti İlham Əliyev Qərbin etibarlı enerji partnyoru olduğunu sübut etdi".
Rob Sübhani qeyd edib ki, ABŞ-ın siyasi elitası fundamental dəyərləri, azadlıq və insan haqlarını xatırlamalıdır: "Dünyada artan təhdidlər bu dəyərlərə toxunmamlıdır. Bu işlər üçün Amerikaya etibarlı dostlar lazımdır. Biz həmişə yanımızda olan partnyorlarımızdan uzaqlaşa bilmərik. Azərbaycan məhz belə partnyordur və ABŞ-ın minnətdarlığına layiqdir".
Onun sözlərinə görə, əgər ABŞ Kiyevə neft çatdırmalarında Azərbaycanı dəstəkləsəydi, Ukraynadakı böhranın qabağını almaq mümkün olardı.
Müəllif ABŞ-ın daxili siyasətində səhvlərə diqqət çəkir.
"Barak Obamanın uğursuz idarəetməsi nəticəsində ABŞ-da orta sinfin ixtisarı müşahidə olunur. Azərbaycan isə İlham Əliyevin rəhbərliyi ilə 12 ildir iqtisadiyyatda çoxşaxəli inkişafa nail olub. Yanlış seçilmiş iqtisadi kursa görə ABŞ prezidenti iş yerlərinin yaradılması probleminin öhdəsindən gələ bilmədi. Azərbaycandan fərqli olaraq ABŞ-da məşğulluğun yüksək səviyyəsi gözə dəymir. Dünya Bankı Azərbaycanda yoxsulluğun kəskin düşməsini xüsusi qeyd edir. ABŞ-ın siyasi elitası Azərbaycanı tənqid etmək əvəzinə öz ölkəsində yoxsulluğun səviyyəsini aşağı salmağın yolları haqda düşünməlidir", - deyə Sübhani vurğulayıb.
Məqalədə Azərbaycan cəmiyyətinin tolerantlığı və bu ölkədə multikulturalizmin qorunmasına da toxunulub. Müəllif yazır ki, bir neçə həftə öncə demokratiyanın qalası hesab olunan Fransada islam radikalları supermarketə hücum edərək dörd yəhudini öldürdü: "Tez-tez tənqid olunan Azərbaycanda isə yəhudilər rahat yaşayır, sinaqoqda dua edə bilirlər. Azərbaycandakı sinaqoq İsrail xaricində yəhudilərin ən böyük dini məbədidir. Onun açılışında İsrailin əsas ravvini iştirak etdi. Bunlara baxmayaraq, bizim KİV-imiz və siyasətçilərimiz Azərbaycanı tənqid etməkdə davam edir.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycanda təhlükəsizliyi təmin etdiyini, keyfiyyətli təhsil və iqtisadi artıma nail olduğu qeyd olunur.