“Həmsədrlərin eşitmə, görmə və danışıq qabiliyyətlərində problem var Siyasət

“Həmsədrlərin eşitmə, görmə və danışıq qabiliyyətlərində problem var

Mübariz Əhmədoğlu: Avropa Komissiyasının Fransaya verdiyi mandatını geri çağırması ATƏT MQ-nin işini stimullaşdıracaq

"Həm ATƏT MQ struktur kimi, həm də həmsədrlər şəxsiyyət kimi öz funksiyalarını yerinə yetirə bilmirlər. Dağlıq Qarabağ münaqişəsi regionu müharibəyə doğru sürətlə irəliləyir. Ermənistan silahlanma üzrə Avropada birinci oldu. Rəsmi Yerevan müharibəyə hazırlaşdığını aşkar şəkildə bəyan etdi". Bu barədə "Trend"ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi başa düşür ki, Dağlıq Qarabağ müharibəsi labüddür: "Ermənistana isə uzaq zamanda başlayan müharibə yalnız məğlubiyyət gətirəcəkdir. Çünki Azərbaycanla Ermənistanın hərbi gücü arasındakı fərq sürətlə Ermənistanın ziyanına artmaqda davam edir. Ona görə də Ermənistana yaxın zamanların müharibəsi lazımdır. Bu halda onlar nəzəri cəhətdən qələbə barədə düşünə bilərlər. Bütün bunlar ATƏT MQ-nin fəaliyyətinin yaratdığı vəziyyətdir. ATƏT MQ heç bir halda Ermənistanı tənqid etməyib. Prezidentlərin Paris görüşünə münasibət bildirməyən həmsədrlər helikopterin vurulmasına dair iki dəfə bəyanat verdilər. S.Sarkisyanın Azərbaycan ərazisi hesab etdiyi Ağdamı ATƏT MQ "heç kimə məxsus olmayan ərazi" adlandırdı. ATƏT MQ-nin tərkibi, mandatı və nizamnaməsində problemlər var. Həmsədrlərin insan kimi qüsurları da göz qabağındadır; Onların eşitmə, görmə və danışıq qabiliyyətlərində problem var. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi regionunda baş verən bəzi şeyləri görmürlər, bəzi fikirləri eşitmirlər. Daha böyük problem linqvistik problemdir. Həmsədrlər bəzi terminləri və fikirləri ümumiyyətlə deyə bilmirlər, bəzi fikirləri isə çox tez-tez səsləndirirlər. Bəzən düşünməli olursan ki, həmsədrlər "Hərtərəfli (Böyük) Sülh Müqaviləsi" terminini işlədən kimi hər üçü iflic olacaqdır".
M.Əhmədoğlu qeyd edib ki, Ukrayna hadisələri Dağlıq Qarabağ münaqişəsi regionunu da yeni təhdidlərlə üz-üzə qoyub. Onun sözlərinə görə, Aİ Cənubi Qafqaz regionunun enerji resurslarına daha böyük ehtiyac hiss edir.
M.Əhmədoğlu hesab edir ki, Almaniyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etməyə razılıq verməsi mühüm hadisədir.
Onun sözlərinə görə, uzun müddət Almaniya Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etməyə razılıq verməmişdi, indi isə verir: "Almaniyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyini reallaşdırmağın iki yolu var: Birincisi, Aİ özünün Dağlıq Qarabağ tənzimlənməsində alternativ vasitəçiliyini elan edir və bu funksiyanı icra etməyi Almaniyaya tapşırır. Almaniya Avropada ən güclü iki dövlətdən biridir. Yeri gəlsə Böyük Britaniyanı da bu prosesə qoşmaq olar, çünki 2014-cü il ərzində Almaniya kimi Böyük Britaniyanın da Dağlıq Qarabağ tənzimlənməsinə bağlı mövqeyində ciddi dəyişiklik baş verib. Dəyişiklik ərazi bütövlüyü prinsipinin dəstəklənməsi və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulması istiqamətindədir. Hər halda Almaniya kansleri vasitəçiliyə razılıq verdiyi üçün təkbaşına və ya digər dövlətlərlə birlikdə vasitəçilik etməsi məsələsini də özü müəyyənləşdirməlidir".
Politoloq əlavə edib ki, ikinci variant Avrokomissiyanın ATƏT MQ-də Aİ-ni təmsil etməklə bağlı Fransaya verdiyi mandatı geri çağırmasıdır.