“Pakistan Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək” Siyasət

“Pakistan Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək”

Səfir: "Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar və bu münaqişələr regional təhlükəsizliyə təhdiddir"

Dağlıq Qarabağ Ermənistanın işğalı altında olan Azərbaycan torpağı, Kəşmir isə Hindistan tərəfindən qanunsuz işğal edilmiş mübahisəli ərazidir.
Hindistan Kəşmir xalqına BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən verilmiş öz müqəddəratını təyin etmək hüquqlarını inkar edir.
Bu barədə ötən gün Pakistanın Azərbaycandakı səfirliyində 5 fevral Kəşmir Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser deyib.
İki münaqişə arasında oxşarlıqlar barədə danışan diplomat, BMT TŞ qətnamələrinin icra olunmaması, beynəlxalq hüququn pozulması, əhalinin köçürülməsi, dini abidələrin təhqir olunması, mədəni irsin məhv edilməsi, atəşkəsin işğalçı qüvvələr tərəfindən pozulması, işğal olunmuş ərazilərdə demokratik dəyişikliklərə cəhd edilməsini vurğulayıb.
Səfir Qayser deyib ki, Azərbaycan və Pakistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdırlar və bu münaqişələr regional təhlükəsizliyə təhdiddir.
Diplomat bildirib ki, Pakistan hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək.