Millət vəkilindən diplomatımıza tövsiyyə... Siyasət

Millət vəkilindən diplomatımıza tövsiyyə...

Fazil Mustafa: "Əgər diplomat proseslərə qarışırsa, o zaman o diplomatik fəaliyyətini dayandırıb normal siyasi fəaliyyətlə məşğul olmalıdır"

Mayın 19-da Bakının "Azadlıq" prospektində faciə ilə nəticələnən yanğın nəinki ölkə ictinmaiyyətini, hətta bir çox diplomatların da sosial şəbəkələrdə ciddi qınağına səbəb oldu. Artıq məsələ o həddə çatıb ki, Xarici İşlər Nazirliyi diplomatlarla bağlı araşdırmaya başlayıb.
Diplomatların yana bina ilə bağlı sosial şəbəkələrdə yazdıqlarına moderator.az-a mövqeyini açıqlayan millət vəkili Fazil Mustafa bildirdi ki, diplomatların Azərbaycanda baş verən hər hansı hadisəyə qarışması düz deyil: "Elə məsələlər var ki, onlara ancaq ictimai təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri, sadə vətəndaşlar və siyasilər mövqe bildirə bilər. Baş verən hadisəni ya təqdir, ya da tənqid edə bilər. Diplomatlar siyasətçi olmadıqlarından onların bu cür məsələlərə mövqe sərgiləməsi bir qədər peşəkar etikadan fərqli bir şeydir və ona uyğun olmayan addımdır. İstəməzdim belə olsun".
Millət vəkili deyib ki, əgər diplomat proseslərə qarışırsa, o zaman o diplomatik fəaliyyətini dayandırıb normal siyasi fəaliyyətlə məşğul olmalıdır: "Azərbaycan demokratik ölkədir və hər hansı diplomatın bir diplomat kimi fəaliyyətinə son verib siyasətçi kimi fəaliyyətə başlamasına normal yanaşmaq lazımdır".
Ukraynadakı səfirimiz Eynulla Mədətlinin də bu prosesin "qurbanı" olması məsələsinə də aydınlıq gətirən F. Mustafa bildirdi ki, əgər hər hansı diplomatın fəaliyyəti onu qane etmirsə və yaxud hakimiyyətin və dövlətin siyasi xəttinə uyğun olmayan fəaliyyət göstərirsə, o zaman hakimiyyət həmin diplomatı geri çağıra bilər: "Hakimiyyətin belə bir hüququ var. Ancaq mən bu motivlə diplomatların geri çağrılmasını ağlabatan hesab etmirəm. Ona görə də burada başqa motiv axtarmaq lazımdır və bunun kökündə tamamilə başqa məsələ dayanır".