QHT-lərin qeydiyyatından imtina hansı hallarda mümkündür? Layihə

QHT-lərin qeydiyyatından imtina hansı hallarda mümkündür?

Ədliyyə Nazirliyi QHT-lər üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradıb

"Mən Qeyri-Hökumət Təşkilatı (QHT) yaratmaq, QHT-ni qeydiyyatdan keçirtmək istəyirəm. Amma Ədliyyə Nazirliyinə dəfələrlə QHT-nin qeydiyyata alınması üçün müraciət etsəm də, bu günədək QHT qeydiyyata alınmayıb". Bu cür şikayətləri demək olar ki, ictimai sektorda çalışanlardan eşidirik. Bəs görəsən, QHT-nin qeydiyyata alınmasından imtina hansı hallarda mümkündür?
Ədliyyə Nazirliyindən verilən məlumata görə, QHT-lərin qeydiyyatı "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında" qanunla tənzimlənir. Bu qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. Bu qanuna görə, qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur. Qanunun 16-cı maddəsinə görə qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Qeyri-hökumət təşkilatlarının və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir. Qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.
Nazirlikdən bildirdilər ki, bu qanunla QHT-lərin dövlət qeydiyyatına alınmasından imtina da mümkündür. Bu isə qanunun 17-ci maddəsi ilə tənzimlənir: "Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinanın əsasları və təsis sənədlərinin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Bu qanunun 17.4 bəndində əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada məhkəmə qaydasında şikayət verilə bilər. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında"qanunun 8-ci maddəsində hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması qaydası öz əksini tapıb. Qanunun 8.1. bəndinə görə, hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir. Bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir".
Bununla belə qanun dövlət qeydiyyatından keçən QHT-lərin üzərinə məsuliyyət qoyur. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunun 31-ci maddəsində göstərilib ki, qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi bu qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır: "Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə qanunla məsuliyyət müəyyən olunmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatına və ya xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə yazılı surətdə xəbərdarlıq edilir və pozuntuların 30 günədək müddətdə aradan qaldırılması haqqında göstəriş verilir. Bu maddədə müəyyən olunmuş hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması əsasları aşağıdakılardır: qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törətdikdə; qeyri-hökumət təşkilatı, xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların müəyyən edilmiş müddətdə aradan qaldırılmamasına görə inzibati məsuliyyətə cəlb edildikdən sonra qurum tərəfindən həmin pozuntular aradan qaldırılmadıqda; qeyri-hökumət təşkilatının icra orqanı tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulması müəyyən edildikdə.
Qeyri-hökumət təşkilatına, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi qanunla müəyyən edilmiş məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar inzibati qaydada və ya məhkəməyə şikayət etmək hüququna malikdir".
Ədliyyə Nazirliyindən onu da bildiriblər ki, "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 20 noyabr 2013-cü il tarixli Fərmanına əsasən QHT-lərə elektron xidmətlərin göstərilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılıb. Sistemdən istifadə etmək məqsədilə qeyri-hökumət təşkilatlarının səlahiyyətli şəxsi tərəfindən istifadəçi adının və şifrənin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsinə müraciət olunmalıdır.

Cavid