Mətbuatda media etikası Layihə

Mətbuatda media etikası

Doğruya və ictimaiyyətin həqiqətləri öyrənmə haqqına sayğı duymaq jurnalistin birinci vəzifəsidir

Mətbəənin J.Gutenberg tərəfindən ixtira edilməsindən - yəni XVII əsrdən üzü bəri "Mətbuatın vəzifəsi nə olmalıdır, o, necə nəzarət altına alınmalıdır, jurnalist kimə qarşı məsuliyyət daşıyır?" şəklindəki mübahisələr bu günə qədər gəlib. Mətbuat-media dünyasında bu məsələ ilə bağlı olaraq fikir birliyinin, beynəlxalq miqyasda bağlayıcılığı olan qaydaların mövcud olmadığını deyə bilərik. Ancaq bir çox məsələdə yerli çərçivəni aşaraq beynəlxalq səviyyəyə çatan və qəbul edilən məfhumlar var. Bu məfhumlar ABŞ-da, İngiltərədə, Avropada və Türkiyədə də qəbul edilib. Bu prinsiplərdən vaz keçilməməsi bitərəf, müstəqil, obyektiv jurnalistikanın əsas şərti olub, bir çox ölkənin böyük media qurumları o prinsiplərə əməl edilməsini özünün əsas vəzifəsi saymaqdadır.
Yazar Musa Hacıöməroğlu bildirir ki, məsələyə tarixi perspektivdən baxsaq, görərik ki, XVI və XVII əsrlərdə mətbuatın vəzifə və məsuliyyəti, müəyyən mənada məqsədi iqtidarın siyasətini dəstəkləmək və "Müqəddəs dövlətin" əmrinə hazır vəziyyətdə olmaq idi. Çünki Monarxın absolyut gücü bunu tələb edirdi. O dönəmlər üçün dövlət hər şey idi - dövlətin qarşısında isə fərd heç bir şey idi. Siyasi sistem və onun başında duranlar tənqid edilə bilməzdi. Mətbuatın vəzifəsi dövlətin əmrlərini "təbəəyi - qullara" çatdırmaq idi.
XVII əsrin sonu XVIII əsrin əvvəllərində güclənən burjuaziya sinfi sayəsində mətbuat və jurnalistlər peşə sahələrində və məqsədlərində dəyişikliyə getdilər. Özlərini "Rasionalist fəlsəfə" ilə "Təbii haqlar" məfhumları ilə inkişaf etdirdilər. Artıq vəzifələrini dövlətə xidmət etməkdən ibarət hesab etməməyə başladılar. Əsas vəzifələrinin ictimaiyyətə məlumat vermək olduğunu anladılar. Yəni, qulluq dövründən yurddaşlıq dövrünə yüksəliş başladı. Ölkələrində nələrin yaşandığını öyrənməyə başlayan fərdlər hökumətlərin siyasətini tənqid etməyə və bu siyasətlərə nəzarət etməyə qadir olduqlarını başa düşdülər. Cəmiyyət və mətbuat avtoritar münasibətlərdən "azad" münasibətlərə keçdi.
XX əsrin birinci yarısında "azad" münasibətlərdən yeni münasibətlər dönəminə keçildi. Liberalizmin qucağında dünyaya gələn bu yeni münasibətlər sistemi "Toplumsal məsuliyyət" düşüncəsinin hakim olduğu dönəmdir. Çünki "azad" sistemdə hər şey "sərbəst bazar" sisteminə indekslənmişdi. Sərbəst bazar əmtəə üzərində yaratdığı təsiri fikirlər üzərində yarada bilmədi. Mətbuat vasitələri, mətbuat sərmayəsi müəyyən şəxs və ailələrin əlində toplandı. Az saydakı mətbuat və media baronu bu gücdən öz iqtisadi və siyasi mənafeləri üçün istifadə etmək yolunu tutdu.
İstənilən və gözlənilən səviyyədə "fikirlərin sərbəst bazarı" yaranmadı. Güclülərin səsi yer kürəsində, fəzada əks-səda verdiyi halda, gücsüzlərin səsi eşidilmədi. Başqa sözlə desək, media nəzarətdən çıxdı; digər tərəfdən isə media hər şeyə nəzarət edən vəziyyətə gəldi.
Bax bu nöqtədə - toplumsal məsuliyyət anlayışı çərçivəsində etik qaydalardan sıx şəkildə bəhs edilməyə başlandı. Bu sual verildi: Mətbuata - mediaya kim nəzarət edəcək?
Mediaya qanunlar nəzarət edəcək. Qanunlarla birlikdə mediaya ictimaiyyət və etik qaydalar nəzarət edəcək: "Jurnalistika etikasında 6 prinsip çox önəmlidir: doğru olmaq, həqiqi olmaq, ədalətli olmaq, obyektiv olmaq, bitərəf olmaq, müstəqil olmaq. Bunlar jurnalistikanın həm legitimlik, həm də oxucu qazanmasının əsas şərtləridir. İctimaiyyətin gərçəkləri bilmə hüququna sahib çıxmaq və bunun üçün lazımi işləri yerinə yetirmək mətbuatın, medianın, jurnalistikanın əsas vəzifəsidir. Jurnalist ən böyük məsuliyyəti ictimaiyyətə qarşı daşıyır. Bu sorumluluq onu çalışdığı iş yerinin sahibi ilə konsensus yaratmaq mövqeyinə düşməkdən uzaq tutur. Əgər qəzet bazarda yaxşı satılarsa, o qəzetin sahibi bazardan qazandığı pulla jurnalistin maaşını ödəyər. Ancaq bələ bir iş əlaqəsi jurnalistin müstəqilliyi üzərində təzyiq ünsürü olmamalıdır. Heç bir şərt altında bu prinsip unudulmamalıdır: jurnalistin xalqa qarşı məsuliyyəti bütün məsuliyyətlərdən irəlidədir".
Beynəlxalq Jurnalistika Federasiyası (FİJ) tərəfindən qəbul edilmiş peşə prinsiplərinin I maddəsində doğruluq anlayışının vaz keçilməz əhəmiyyəti bu şəkildə göstərilməkdədir: "Doğruya və ictimaiyyətin həqiqətləri öyrənmə haqqına sayğı duymaq jurnalistin birinci vəzifəsidir".
Amerikan Peşəkar Jurnalistlər Cəmiyyətinin "Etika kodları"nda isə "Jurnalistin borclu olduğu yeganə şey ictimaiyyətin həqiqəti bilməsidir", - deyə yazılıb.
Jurnalistin doğru davranış qaydaları, xüsusilə məhkəmə ilə bağlı məsələlərdə böyük əhəmiyyət kəsb edir. Məhkəmədə davam edən proseslərlə bağlı olaraq ədalətli mühakiməyə təsir göstərəcək olan xəbərlər; hələ ki, şübhəli şəxs qismində olan, suçu qətiləşməyən adamlarla bağlı məhkəməsiz cəza mənasını daşıyan suçlamalar; ibtidai istintaqı çətin vəziyyətdə qoyan və onu zəiflədən, yönləndirən xəbərlər; gerçəkliyindən əmin olunmadan təqdim edilən və jurnalisti tərəf vəziyyətinə gətirən yazılar jurnalistika etikasına uyğun deyil.
Öz vəzifəsini yerinə yetirərkən jurnalist təz-təz sual verib onlara cavab almağa çalışan şəxsdir. Bu nöqtədə jurnalistin özünə də suallar verərək cavab axtarması media etikasının başqa bir ölçüsünü təşkil edir. "Xəbəri doğru, ədalətli, həssas, obyektiv şəkildə yazdımmı?" Jurnalist bu sualın cavabını könül rahatlığı ilə verə bilməlidir.
"Başqaları üçün müqəddəs və məhrəm olan mövzulara toxunurammı? Bunun üçün haqlı səbəblərim varmı? Səbəb olsa bələ, yazılarımda o insanların ürəyini necə qırmaya bilərəm?" Jurnalist bunun kimi sualları həmişə ağlında saxlamalıdır. Əksi-təqdirdə mətbuat - media etikasından, jurnalist etikasından söhbət etməkdə çətinlik çəkərik.
Onu da qeyd edək ki, Azərbaycan mətbuatında da bu məsələyə çox önəm verilir. Bununla bağlı Bakıda bir çox beynəlxalq konfranslar keçirilib. Onlardan biri də "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda beynəlxalq konfrans olub. Konfransı Beynəlxalq Jurnalistlər Federasiyası, Demokratik Jurnalistlər Liqası, Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ), Beynəlxalq Avrasiya Mətbuat Fondu, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən ibarət "Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası" təşkil edib. "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsi çərçivəsində keçirilən konfransa Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi maliyyə dəstəyi verib.
JuHİ-nin sədri, "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsinin əlaqələndiricisi Müşfiq Ələsgərli ölkəmizdə medianın mövcud durumu, bu sahədəki problemlər, eləcə də yeni çağırışların və beynəlxalq təcrübənin öyrənilməsi baxımından tədbirin əhəmiyyətini qeyd edib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev azad sözün, KİV-nin sərbəst fəaliyyətinin hüquqi-demokratik cəmiyyətin vacib amillərindən olduğunu vurğulayaraq ölkəmizdə azad mətbuatın və plüralist fikrin formalaşması üçün dövlət, cəmiyyət, o cümlədən jurnalistlər tərəfindən ciddi səylərin göstərildiyini deyib. Bu səylərin üst-üstə düşdüyü məqamlarda görülən işlərin təsiri və uğurları daha böyük, nəzərəçarpan olub.
Bildirilib ki, bu gün Azərbaycanda plüralist medianın formalaşması cəmiyyət və dövlət tərəfindən qəbul edilən, təsdiqlənən əsas prinsip və fəaliyyət istiqamətidir. Bu istiqamətdə ardıcıl addımlar atılır, media ilə dövlət orqanları arasında əməkdaşlıq dərinləşdirilir, KİV-nin fəaliyyətinin daha da genişləndirilməsi sahəsində müxtəlif tədbirlər görülür. Bütün bunlar cəmiyyətimizin mənafeyinə cavab verir.
Azərbaycanda mətbuatın inkişaf yoluna nəzər salan Ə.Mehdiyev bildirib ki, 1998-ci ildə senzuranın, daha sonra mətbuat və informasiya nazirliyinin ləğv edilməsi ilə dövlətin medianın fəaliyyətinə müdaxilə imkanları aradan qaldırılıb. Ancaq dövlət media ilə əlaqələrini kəsməyib. Qarşılıqlı əməkdaşlıq, mətbuatın inkişafı üçün zəruri şəraitin yaradılması sahəsində dövlətin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan qəbul edilən qanunvericilik aktları, o cümlədən KİV-nin fəaliyyətini tənzimləyən qanun mühüm rol oynayıb. Bu qanunun qəbul edilməsi ilə Azərbaycanda azad mətbuatın formalaşması istiqamətində mühüm addımlar atılıb.
Hazırda Azərbaycanda 4 min 300-dən artıq mətbuat orqanının, o cümlədən 50-dən artıq informasiya agentliyinin qeydiyyata alındığını diqqətə çatdıran natiq cəmiyyətimizin üzləşdiyi məsələlərin işıqlandırılması, ictimaiyyətin informasiya ehtiyacının ödənilməsi, dövlət qurumlarının fəaliyyətinə yaxından dəstək verilməsi baxımından KİV-in əhəmiyyətini diqqətə çatdırıb.
Dövlətin mətbuatın inkişafına daim diqqət yetirdiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi KİV-nin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar kadrların hazırlanması, mətbuatın inkişafına dəstək verilməsi məqsədilə 2008-ci ildə konsepsiyanın qəbul edilməsini, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılmasını mühüm addım kimi qiymətləndirib.
Mətbuat orqanlarının işinin yaxşılaşdırılması və cəmiyyətin mənafeyinə uyğun tənzimlənməsi, peşəkarlığının artırılması üçün dövlət orqanlarının bütün jurnalist təşkilatları, mətbuat orqanları və beynəlxalq təşkilatlarla həmişə əməkdaşlıq etdiyini bildirən Ə.Mehdiyev bu prosesin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb, bu baxımdan belə tədbirin zəruriliyini vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money-Kyrle, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter, Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Fuad Hüseynov mətbuatımızın mövcud durumu və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Sonra "Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan" layihəsi barədə təqdimat olub.
Müstəqil Media İnstitutunun rəhbəri Əlişir Əhəd bildirib ki, mətbuatda jurnalist etikası prinsipi qorunmalı və hər bir jurnalist ona hörmətlə yanaşmalıdır: "Etiraf edək ki, bəzi mətbuat orqanlarında bu prinsip kobudcasına pozulur. Peşə etikası anlayışı arxa plana salınır ki, bu da sonradan jurnalistin məhkəmə qarşısına çıxmasına şərait yaradır. Jurnalist həqiqəti, doğrunu yazmalı və ona söykənməlidir. Bu onun ümdə vəzifəsidir, peşə etikasının tələbidir".

Cavid