Dağlıq Qarabağ münaqişəsinin tarixi Layihə

Dağlıq Qarabağ münaqişəsinin tarixi

Bu müharibə XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub

I yazı

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, milyonlarla insanın taleyində əks olunub. 1988-ci ildə təhrikçilik yolu ilə başlanan bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və "ya hər şey, ya heç nə" prinsipi üzrə hərəkət edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas alıb. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-yə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq ("miatsum") ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.
1987-ci ilin noyabr ayında akademik Aqanbeqyan "Humanite" qəzetinə verdiyi qalmaqallı müsahibədə erməni etnokratlarının fəaliyyətini dəstəklədi. Bu müsahibə bir növ rəmzi məna daşıyır və onu göstərirdi ki, erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-aşkar məhəl qoymur. Etnokrat Z.Balayanın 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap edilmiş "Ocaq" kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi.
1987-ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatır: Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə "təqsiri" başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir - tələbilə çox böyük insan kütlələrinin yerdəyişməsi başlanır. 1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi barədə ilk nümayiş təşkil edildi. 1988-ci il fevralın 16-dan martın 2-dək DQMV-də mitinqlər təşkil olunur. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirilir.
Etnokratların və kriminalların dayağı olan DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın - Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur - "DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə" yaradılır. Martın 5-də bu qurum "Krunk" adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda "Qarabağ" Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi "Dağlıq Qarabağ hadisələri haqqında" qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı "millətçi elementlər tərəfindən təhrik edilmiş" aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva "1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında" qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.
1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə "daxil edilməsinə razılıq" verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən, Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, "müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz".
İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan haqlı idi. Qeyd etmək yerinə düşər ki, DQMV-nin sosial inkişafının əsas göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-in orta respublika səviyyəsindən yüksək idi. SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. Bu baxımdan, Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar - 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələndi. SSRİ ilə ABŞ arasındakı "soyuq müharibə" bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı "Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq, Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında" qətnamə qəbul etdi. 1989-cu il noyabrın 19-da ABŞ Senatı "Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək" arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən "Memorial" təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında" görünməmiş bir qərar qəbul edir. 1990-cı il yanvarın 9-da Ermənistan Ali Sovetinin sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe yalnız ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi – "yenidən birləşmə" və "millətin öz müqəddəratını təyin etmək hüququ" şüarları altında təcavüzkar müharibə. Mahiyyət etibarilə Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə gəlmişdi.
"Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında" 1989-cu il 1 dekabr tarixli qərar Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlar arasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş məlum yanvar hadisələrindən sonra Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.
1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflasa uğraması böyük bir imperiya məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. SSRİ Ali Sovetinin qərarına əsasən yaradılmış DQMV üzrə Respublika Təşkilat Komitəsi lap əvvəldən uğursuzluğa məhkum idi - bu, indi daha aşkar görünür, - çünki həmin komitə obyektiv olaraq özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin get-gedə zəifləyən imkanlarına əsaslanırdı. Buna baxmayaraq, Təşkilat Komitəsi 1990-cı il yanvarın 20-dən başlayaraq, DQMV-nin siyasi-hüquqi və psixoloji məkanını addım-addım fəth edir, əhalini etnik dözümsüzlük xülyalarından xilas edirdi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə dağıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu komitənin fəaliyyəti sakitcə heçə endi. Qorbaçovun ikiüzlü və riyakar siyasəti yeni siyasi reallıq "quruculuğunun" elementlərinə çevrildi. 1991-ci ilin payızında bu siyasət Azərbaycan millətinə heç bir fərəhli perspektiv vəd etmirdi.
1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında "Dağlıq Qarabağ Respublikası" (DQR) elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan "SSRİ Dövlət Şurası" 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da "DQR"-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik "Dağlıq Qarabağ Respublikası"nın müstəqillik bəyannaməsi elan edildi. Erməni separatçılar bu qərarı qəbul etməklə soyuq müharibəni heç bir günahı olmayan azərbaycanlıların və Yerevanın təcavüzkar xülyalarının girovlarına çevrilmiş ermənilərin kütləvi şəkildə həlak olmasına gətirib çıxaran "qaynar mərhələyə" keçirdilər.

Cavid