Sən o taydan dur bax, mən də bu taydan… Güney Azərbaycan

Sən o taydan dur bax, mən də bu taydan…

İkiyə bölünən Vətənin yaraları

Bugünkü ədəbiyyatda tarixə çevrilməkdə olan bir çox maddi və mənəvi amillər, xalqın tarixi, maddi və mənəvi sərvətləri, eyni zamanda yaşadığı ağrı-acılar dərin bir həssaslıqla xatırlanır, ən çağdaş ictimai-siyasi problemlərin sənətdə həlli məqamında əsas mənəvi dayağa çevrilir. Bəxtiyar Muğanoğlunun şeirlərində həyat hadisələrinin doğurduğu poetik amillər, mühakimələr səciyyəvidir. Şairin vətənpərvərliyi xalqa olan məhəbbəti böyük insani duyğulara əsaslanır. Milli məhdudiyyət hissləri ona yabancıdır. Onun əsərlərindəki parlaq humanist fikirlər və duyğular, nə qədər böyük və geniş ürəkli bir insan, açıq və təmiz fikirli bir sənətkar olduğunu göstərir. Xalqın həyatının bir çox mürəkkəb həqiqətlərini, fəlsəfəsini, zəmanənin ziddiyyətli cəhətlərini parlaq bədii lövhələrlə əks etdirir. Onun humanizmi yalnız əzənə nifrət, əzilənə məhəbbətdən ibarət deyil. Bu humanizm eyni zamanda geniş mənada insanlığı müdafiə edir, həm bir insanı azad görmək istəyir, həm fənalıqları rədd edir, həm də bizi böyük, müsbət ideala çağırır. Şairin xalqa olan etimadı sarsılmazdır. Əsərlərində xalqa olan məhəbbəti ifadə edən sətirləri onu nəzərimizdə böyük xalq əsgəri və xalq məşəldarı kimi canlandırır:

Bir elin qırx milyon insanlarının,
On kələf tikan sim kəsib arasın
Görən Azərbaycan qəhrəmanlarnın
Kim gəlib deyəcək dərdə çarasın.
Oğul, burdan ora üç saat yoldur,
Adam bir övnəyə gedər qayıdar,
Amma bu üç saat yüz yetmiş oldu.
Düzülüb dal-dala həftələr oldu.
Bu nə hikmətdir ki, övnəlik yola,
Bir qərnidir çarə edə bilmirik,
İnsan indi çıxır ulduza-aya,
Biz üç saat yolu gedə bilmərik.
Sən o taydan dur bax, mən də bu taydan,
Bir elin içində mahaldır mahal.
Sarsıdıb, soldurub, öldürür bizi,
Səni cənub dərdi, məni də şimal.

İkiyə bölünən bir vətənin yaralarını özündə güzgü kimi əks etdirməklə yanaşı, motiv və ideya cəhətdən, həm də ifadə tərzi, fikrin və hissin təqdimi cəhətdən də əlvan və müxtəlif çalarlar olan bu şeir, həm də böyük fikirləri yığcam və lakonik ifadə eləyən fəlsəfi bir əsərdir. Dünya, zaman, ömür kimi məfhumların poetik şərhi Güney Azərbaycan poeziyasında daim əsas mövzulardan olub. Çağdaş Güney Azərbaycan poeziyasında da müxtəlif ictimai məzmunlu epoxaların bədii gerçəkliklərdə obrazlı fikrin fəlsəfi-psixoloji tutumu sərrast ifadə olunur. Güney Azərbaycanda daim bir çox şairlər xalqın mənəvi fikir həyatı, gerçək və ideal yaşayış arzuları ilə bağlı məsələlərə dair, yaradıcılıqla¬rının əvvəlindən sonuna qədər daima axtarışlar aparıblar. Bu axtarışlar fikir, mənəviyyat, xalqın qəlb həyatı, yeni bədii formalar ətrafında gedib. Güneyli şairləri ilk qələm təcrübələrindən, fəlsəfi-lirik, liro-epik şeirlərindən başlayaraq axtarıcı sənətkar olaraq bu əsrarlı suallar qarşısında heyrət edən görürük: nə üçün gerçək aləmlə, ideal aləm arasında səddlər yaranıb? Gerçək həyatda xoşbəxt olmaq mümkün deyilmi? Xəyal ardınca getdikcə xalq nicat tapacaqmı? Insan öz fikrində yaşatdığı və arzularında canlandırdığı təmiz, gözəl, azad həyata inamında aldanırmı?
Şairin gücü ancaq qələmə çatır. Fəqət qələm şairlərin arzularının həyata keçməsində nə qədər rol oynaya biləcəkdi? Artıq bunun fərqinə varmağa nə vaxt, nə də ehtiyac vardı. Bunu zamanın sınağına və öhdəsinə buraxmaq lazım idi. Bütün bunlardan başqa Güneydə, 70 il sovet dönəmində şimalda olduğu kimi bədii əsər, o cümlədən, poeziya heç bir şüarçılığı, tribunaçılığı qəbul etmirdi. Fars şovnizminin riyakarlıq silahı ilə silahlanmış şah rejiminin eyiblərini, cinayətlərini, zorakı siyasətini və başqa böyük cinayətlərini açıb göstərmək, xalqı bu paslı məngənədən xilas etmək üçün sındırmaq, yazmaq lazım idi. Budur, M.Şəhriyar, H.Sabir, M.Məhzun, H.Tərlan meydana çıxdı. Təkcə Azərbaycan xalqını deyil, bütün insanlığı xoşbəxt eləmək istəyən və mənəviyyatları formalaşdırmağa xidmət edən əsərlər ərsəyə gəldi. Bu sənətkarlar insan və həyat haqqında ürək yanğısı, can yanğısı daşıdılar, xalqın, eləcə də bəşəriyyətin işıqla gələcəyinə ümid və inam bəslədilər. Bu insanlar acı fəryadlar, şirin arzular, böyük diləklər, böyük ümidlər şairləri idi. Çağdaş güneyli şairlərin poeziyasında ictimai etiraz, zülm və haqsızlıq əleyhinə yağdırılan coşğun nifrət, üsyankarlıq və gərginlik ruhu, dövrümüzdəki ictimai-siyasi həyatın çox mürəkkəb və təzadlı hadisələri daha çox özünü biruzə verir. Əqlin kəşf etdiyi qanunlar bəşəriyyətin ruhi həyatına fərəh və sevinc gətirə bilməyən, cəmiyyətin icad etdiyi yeni qanun və adətlər insanlığı məhkumiyyətin ağır, öldürücü təzyiqindən,qəlbi tənhalıq əzabından, millət və xalqlar arasında yaradılmış dini-siyasi və milli ədavətdən, düşmənçilikdən xilas etmək arzusu durub çağdaş güneyli şairlərimizin qarşısında. Ağıl birtərəfli inkişaf edirsə, yaxşı halda xudbinliyə aparıb çıxarır, bu zaman insanın canlı-təbii hissləri heç bir məhdudiyyət tanımır, özünə geniş sahə axtarır. Güneyli şairlərin fərdin xoşbəxtliyinə, şəxsiyyətin təmizliyinə dair qənaətləri bu istiqamətdədir:

Qəribə bir dünyadayıq
Ağalar var:
Uşaqları sayısında sarayları,
Uşaqları sayısında maşınları
Ciblərində-
İnam haqqı, Allah haqqı
Sözlərinin şablonları-
Ciblərində
Minlər
yalan, minlər palan,
Qəribə bir dünyadayıq.
Qullar da var.
Evlərində,
Uşaqların sayı qədər çörəyi yox.
Ciblərində min arzunun,
Sürgünlərdə puçurlaşmış sümükləri...

Hadi Qaraçaylının bu şeiri dövrümüz, zəmanəmiz haqqında bir güzgü rolunu oynayır desək, yəqin ki, yanılmarıq. Şairin kimlərə işarə etdiyi, mənfur mənəvi xəstəliyə tutulmuş meşşan və qudurğan adamları qırmancladığı, insanların əxlaqını, mənəviyyatını çürüdən hansı yaraların və yalanların üstünü açdığını açıq-aşkar görürük. Əqidəsizlik, simasızlıq azarına tutulmuş, haramla qazanılan milyonlara sahib olmaq üçün, vicdan əzabı çəkmədən, ehtiyac içində yaşayan insanların qanı, canı bahasına qazanılan pullarla saraylar, arabalar və başqa şeylər sahibi olan haramzadələri ifşa edərək şair bədii üsullardan istifadə edir, canlı, zəngin mənzərə yaradır, eyni zamanda sərbəst vəznin incəliklərini şeirə elə bir ustalıqla gətirir ki, poetik ahəng qətiyyən pozulmur, ritm, temp isə əruz və ya heca vəznində olduğu kimi münasibətini qətiyyən itirmir...
Vətənpərvər və xalqsevər hər bir sənətkarın fəaliyyəti yalnız irəli sürdüyü fikir və ideyaların böyüklüyü, qabaqcıllığı ilə deyil, bir də zamanın şəraiti ilə, hansı maneələri aradan qaldırması, hansı müqavimətləri qırıb hansı əks-qüvvələrlə mübarizəyə girişməsi ilə ölçülür. Bu cəhətdən də Səbri Təbrizi bizim nəzərimizdə nəhəng bir mübariz kimi canlanır. O, mütərəqqi ideyaların ən fəal carçılarından biridir: yorulmadan, hər dəfə yeni söz taparaq, yeni bir ilham və qüvvətlə azadlığı tərənnüm edir:

Daha bəsdi,
Bu qeyri-insanı cinayət,
Milyonlar məcbur olub,
Ana yurdunu tərk etməyə.
Səməd Behrəngi mübhəm ölümnən
Arazda görüşdü.
Saldı Parisdə vətən,
Daha bəsdi,
Daha bəsdi…

Ruhun, şəxsiyyətin zaman üzərində bu tarixi -mənəvi qələbəsi - Səbri Təbrizi şeiri təkcə zülmkarlara qarşı üsyan deyil, həm də onların şovinist hərəkətlərinə, müvafiq qəlblərinə ağır bir zərbədir. Bu şerdə fikir, həm də şairin həyəcanlarından, həyati təcrübəsindən keçərkən ümumiləşən fikir başlıca amildir. Səbri Təbrizinin poeziyasında biz xalq şeirinin obrazlı cizgilərini, ritm və intonasiya tərzini daha aydın şəkildə görürük. Şairin əsərləri müasir poeziyasının ideya və poetika aləminə getdikcə daha geniş miqyasda daxil olur və yenilik axtarışları ilə qaynayıb qarışır. Milli poetik ənənələrə qayıdışında şairin misraları müasir poeziyanın bədii strukturunda özünün konkret təcəssümünü tapır. Şairin hər bir şeirində hər bir element poetik fikir daşıyıcısıdır. Onun şeirlərində ciddi məzmun, ümumbəşəri hiss və düşüncə parlaq surətdə, özü də çox müasir görünür. Şair qələmini sənətkarlıq məziyyətlərinə, dil və üslub aydınlığına, forma bitkinliyinə, onda ifadə olunan hisslərin və düşüncələrin vüsətliyinə, epik miqyaslılığına görə də olduqca məharətlə işlədə bilir.
Qulamzadə Səbri Təbrizi çox sadə mətləbləri mənalandırmağı, oxucusuna aşılamaq istədiyi fikri poetik hiss və duyğularla yoğurmağı, əsl sənət dilinə çevirməyi bacaran sənətkarlardandır. Fəal, yüksək, mənəvi duyğuların təsdiqi onun lirikasının başlıca cəhətidir. Onun şeirləri oxucuya yeni hiss, yeni fikir aşılamağı, oxucu üçün yeni bir həqiqət açmağa, onu yüksək ideallara ruhlandırmağı, onda estetik zövq tərbiyə etməyə çalışdığını göstərir.
Şairin öz xalqının taleyinə bağlılığı, dövrümüzün ideallarına fəal münasibti, müasir həyatın ən səciyyəvi cəhətlərini əks etdirmək meyli onun şeirlərində aydın hiss olunur. Qulamrza Səbri Təbrizi olduqca narahat bir şairdir. Onun narahatlığına səbəb isə dünyada baş verən ədalətsizliklər, neqativ hallar, haqsızlıq, güclülərin zəifləri əzməsi, divanə hökmdarların rəiyyətə zülm etməsidir.
Şairin şeirlərinin mövzu və mündəricəsi olduqca rəngarəngdir. Lakin onun şeirləri yalnız mövzu zənginliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadə baxımından yetkin sənət nümunəsi səviyyəsinə qalxmış şeir xəzinəmizi zənginləşdirib:

Bir qonaq gəldi,
Kənddən bu gün.
Xurcunu doluydu,
Sözlə, sovqatla.
Sordum qonaqdan:
"Hansı yeməyi istəyirsən?
Qayğanaq sevirsən, ya quymaq?"
"Məgər qabınız bir dənədi qardaş?"
Söylədi qonaq....

Göründüyü kimi, şairin bu şeirində olduqca dərin məna var. Ürəyiaçıq, səxavətli, son tikəsini qonağa yedirməyə hazır olan kəndli şəhərə gələrkən, xurcununu həm sovqatla, həm də sözlə, yəni tərbiyəvi öyüd-nəsihət verən, bir sözlə, qədimdən süzülüb gələn milli dəyərləri özündə əks etdirən ibrətamiz məsəllərlə doldurub. Lakin bütün bunların müqabilində şəhərlidən ya qayğanaq, ya quymaq təklifi alan müdrik kəndli, xəsis şəhərlinin "qonaqpərvərliyinə" yenə də olduqca mənalı, lakin sözaltı mənayla işarə edir: "Məgər qabınız bir dənədi qardaş?"- söylədi qonaq..."

Vüqar Əhməd
professor