AKP-ni məğlubiyyət gözləyir? Dünya

AKP-ni məğlubiyyət gözləyir?

Türkiyədə CHP 36, MHP 25 şəhərdə qalib gələ bilər

Türkiyədə siyasi partiyalar, qeyri-hökumət təşkilatları, həmkarlar təşkilatları və jurnalistlərdən təşkil olunan Ulusal Güc Birliyi platforması vətəndaşları seçkilərində yaşadıqları bələdiyyə üzrə ən güclü müxalifət partiyasının namizədinə səs verməyə çağırıb.
Sosial şəbəkələrdə başlayan kampaniyada CHP və MHP-nin namizədlərinin güclü olduğu bölgələrin siyahısı açıqlanıb. Platforma MHP üzvlərinin CHP namizədinin güclü olduğu bölgələrdə bu partiyanın namizədinə səs verməyə, CHP üzvlərini isə MHP-nin güclü olduğu bölgələrdə milliyyətçi namizədləri dəstəkləməyə çağırıblar. Ulusal Güc Birliyi hesab edir ki, əgər bu strategiya baş tutsa, o zaman 81 bələdiyyədən 36-nı CHP, 25-ni isə MHP qazana bilər. Platforma üzvləri hesab edir ki, böyük şəhərlərdə, ilk növbədə Ankara və İstanbulda MHP elektoratı CHP namizədlərini dəstəkləyərsə, o zaman Mustafa Sarıgülün İstanbulda, Mansur Yavaşın isə Ankarada qalib gələcəyi şəksizdir. Siyasi ekspertlərin fikrincə, İstanbul və Ankarada seçkilərin nəticələrini MHP elektoratının kimi dəstəkləyəcəyi müəyyənləşdirəcək.