“Rusiyanı qarşıda arzuolunmaz günlər gözləyir” Dünya

“Rusiyanı qarşıda arzuolunmaz günlər gözləyir”

Qabil Hüseynli: "Bərzaniyə verilən kürd dövləti vədi reallaşmaq üzrədir"
Rusiyanı qarşıda arzuolunmaz günlər gözləyir. Bu barədə Yaxın Şərqlə bağlı danışarkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinə görə, Bərzaniyə verilən kürd dövləti vədi reallaşmaq üzrədir: "Moskva və Vaşinqtonda müəyyən dairələr tərəfindən müstəqil kürd dövlətinin yaradılması istiqamətində bəzi dairələrin Bərzaniyə verdiyi söz reallaşmaq üzrədir. Ancaq hələ ki bu, muxtariyyət qurumları şəklində planlaşdırılır. Böyük dövlətlər tərəfindən gələcəkdə bu qurumların vahid kürd dövləti adı altında birləşdirilməsi kürdlərə vəd edilib. Ancaq Moskvanın bu məsələ ilə bağlı Vaşinqtonu qabaqlayan bəyanatları artıq ruslarla kürdlər arasındakı əlaqədən xəbər verir. Bu səbəbdən də Ərdoğan hazırda çox ciddi narahatlıq içindədir. Buna görə də Putinlə yenidən görüşəcək. Görüş Antalyada G 20 dövlətlərinin toplantısında baş tuta bilər. Görüşdə iqtisadi məsələlərlə yanaşı bir çox siyasi məsələlər müzakirə ediləcək. Gündəmdə əsasən Suriya məsələsi olacaq. Türkiyə inamlı sürətdə Suriyaya məsələsində Rusiyanın böyük zərərə məruz qalacağını bildirir. Bu o anlama gəlir ki, Türkiyə ABŞ-la daha da yaxınlaşaraq vəziyyəti xilas etmək üçün NATO kartından istifadə etməyə çalışacaq". Politoloq Qərb ölkələrinin hazırda bir qədər hiyləgər hərəkət etdiyini bildirib: "Faktiki olaraq səhvə yol verən Rusiya İranla birləşərək bölgədəki şiə azlığını müdafiə edir. Bu isə Türkiyə, Səudiyyə və digər ərəb dövlətlərindəki sünni çoxluğunu ayağa qaldıra bilər. Proses artıq başlayıb və tədricən yüksələn xətlə inkişaf edir. Nəticədə isə İŞİD daxil olmaqla sünni məzhəbinə itaət edən ərəb dünyası Rusiyaya qarşı koalisiya təşkil edə biləcək. Bu zaman proseslərə NATO da daxil olacaq. Hesab edirəm ki, proseslər başlayandan sonra Rusiya üçün arzuolunmaz günlər başlayacaq. Belə olan halda isə Türkiyə də bu istiqamətdəki səylərini maksimum artıracaq".