Rusiyanın inanılmaz Yaxın Şərq planı Dünya

Rusiyanın inanılmaz Yaxın Şərq planı

Minlərlə İran əsgəri quru əməliyyatında iştirak etmək üçün Suriyaya gəlib

Cavid

Suriyada hərbi əməliyyatlara başlayan Moskva İŞİD-i Əsəd və PYD-nin köməkliyi ilə Türkiyə sərhədlərinə doğru sıxışdıracaq. Bununla da Rusiya Əsədə böyük təzyiq göstərən Türkiyəni susdurmağa çalışır. Sonda isə "İŞİD Türkiyə vasitəsi ilə Suriyaya girdi" görüntüsünü yaratmaqla Türkiyə bölgədən təcrid olunacaq. Bu iddia ilə Türkiyənin "Milliyət" qəzeti çıxış edib. Dərginin məlumatına görə, son günlərdə Rusiya döyüş təyyarələri İŞİD hədəflərinə zərbələr endirmir: "Rusiya daha da irəli gedərək Latakiya səmalarında 340 kilometrlik sahəni radarla mühafizəyə götürdü. Hələ də Qaziantepin Karkamış mahalı ilə Kilis arasındakı 90 kilometrlik xəttin qarşısı İŞİD-in nəzarətindədir. Ancaq "İŞİD-i vururam" deyən Rusiya Türkiyə hava sahəsini pozsa belə İŞİD mövqelərini vurmadı. Rusiya Əsəd və PYD-nin dəstəyi ilə İŞİD-i Türkiyəyə doğru sürükləyir. Kobani və Afrindəki PYD terrorçuları Rusiyaya aktiv dəstək verir". Qəzetin iddialarına görə, İŞİD-in şimala doğru genişlənməsini istəyən Rusiya Türkiyəni bölgədə çətin durumda qoyacaq: "Əsəd rejimi Rusiya və PYD bu planı reallaşdırarsa, Türkiyə çıxılmaz vəziyyətə düşəcək. Bundan başqa güclənən PYD PKK-ya böyük dəstək verəcək. Rusiya isə bölgədə tam nəzarəti ələ alacaq. Moskva başda çeçenlər olmaqla Suriyada fəaliyyət göstərən bütün terror təşkilatlarını özünə tərəf çəkəcək, isti dənizlərə yol tapmaqla Yaxın Şərqdə daha da möhkəmlənəcək. Kreml rəsmiləri hava əməliyyatlarına quru dəstəyini təmin etmək üçün artıq PYD ilə görüşüb. Rusiya Əsəd ordusu və YPG koordinasiyalı əməliyyatlar üçün düyməyə basıb. Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Parisdə PYD həmsədri Saleh Müslim ilə bir araya gəldi. Görüşdən sonra bildirildi ki, PYD Moskvadan muxtariyyət vədini alıb. Putin "Suriyada quru əməliyyatı olmayacaq" açıqlamasını versə də, Əsəd rejimi və YPG əməkdaşlıq mövzusunda razılığa gəlib". Bu arada Livanın "Hizbullah" qruplaşmasının döyüşçüləri və minlərlə İran əsgərinin quru əməliyyatında iştirak etmək üçün Suriyanın Hələb vilayətinə gəldiyi deyilir. "Reuters" agentliyinin məlumatına görə, əməliyyata Rusiya aviasiyası dəstək verəcək. Qeyd edək ki, dünən "Haaretz" nəşri də analoji iddia ilə çıxış edib. İddiaya görə, Rusiya Suriyada cəbhənin sabitləşməsi ilə kifayətlənməyəcək və ölkənin şimalında böyük hücuma başlayacaq. "Planın müvəffəqiyyətli icrası halında biz minlərlə İran hərbçisi, "Hizbullah" döyüşçüsü və hökumət qoşunlarının iştirak etdiyi əməliyyatları görəcəyik. Ötən həftə bütün dünya Suriya ərazisindəki terror qruplaşmalarının Xəzər dənizindən qanadlı raketlərlə vurulmasını izlədi. Bununla da ruslar hava zərbələri seriyasından sonra əməliyyatlara yeni silahı daxil etdilər. Rusiya göstərdi ki, sağ qalmaq üçün vuruşan Bəşər Əsədi himayə etmək üçün raketləri minlərlə kilometr uzaqdan heç bir tərəddüdsüz buraxmağa hazırdır", - nəşr yazıb. "Haaretz" qeyd edir ki, bütün bunlar ümumi mənzərənin yalnız bir hissəsidir: "Rusiyanın böyük hücum planının təfərrüatları tədricən görünür. Hazırkı mərhələdə yalnız hava zərbələri ilə "Hizbullah" döyüşçüsü və hökumət qoşunlarının iştirak etdiyi əməliyyatlar keçirilir. Rusiyanın hədəfi sahil bölgəsinin tamamilə Əsədin nəzarəti altına qaytarılmasından ibarət deyil. Bu ərazi ölkənin yalnız dörddə birini tutur. Əsəd Rusiyanın dəstəyinə söykənərək böyük planın həyata keçirilməsinə cəhd edir. Sahil bölgəsinin qaytarılmasından sonra rejim şimalda Türkiyə ilə sərhəd zolağı tutmağa çalışacaq. Bura Hələb şəhəri də daxildir".