Əsədin taleyini həll edəcək görüş: Uzağı 18 ay... Dünya

Əsədin taleyini həll edəcək görüş: Uzağı 18 ay...

Moskva və Tehran hazırda Əsədi qorumaq üçün hər vasitə ilə müxtəlif məsələlər ortaya atırlar.
Bu barədə politoloq Qabil Hüseynli açıqlamasında deyib. Sabiq dövlət müşaviri bildirib ki, Suriya məsələsi ətrafında ciddi fikir ayrılıqları qalmaqdadır:
"Rusiya və İran Əsəd rejimini müdafiə edir, Türkiyə, ABŞ, Böyük Britaniya və Fransa isə Əsədsiz müvəqqəti keçid hökumətinin yaradılmasını istəyir. Moskva və Tehran hazırda Əsədi qorumaq üçün hər vasitə ilə müxtəlif məsələlər ortaya atırlar. Kreml son vaxtlar Əsədin az qala ölkənin çox hissəsinə nəzarət etdiyini və Suriyanın gələcəyi üçün təhlükəli terror təşkilatlarının olduğunu irəli sürür. ABŞ-ın müdafiə etdiyi qüvvələri Rusiya və İran, Türkiyənin müdafiə etdiyi türkmanları isə Rusiya qəbul etmir. Vəziyyət olduqca qarışıqdır. Moskva isə müxalifət nümayəndələrini görüşdən kənarlaşdırmaq istəyir. Ancaq bütün bunlara baxmayaraq, onlar görüşdə təmsil olunacaqlar. Türkiyə və Amerikanın təkidi ilə PYD-nin görüşün 1-ci mərhələsinə buraxılmayacağı isə diqqət çəkir. Qarşıda duran bir nömrəli məsələ Suriyada keçid hökumətinin yaradılması və uzağı 18 ay müddətində seçkilərin keçirilməsi olacaq. O ki qaldı Əsədin bu prosesdə iştirak edib-etməyəcəyinə, Vyana görüşü bir çox suallara aydınlıq gətirəcək".
Qeyd edək ki, fevralın11-də Suriya böhranının həlli üçün planlaşdırılan Vyana görüşündə Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Misir, Qətər, Livan, Fransa, İngiltərə və Almaniya xarici işlər nazirləri iştirak edəcək.