“Rusiya hansı çirkli fəndlərə desən hazırdır“ Dünya

“Rusiya hansı çirkli fəndlərə desən hazırdır“

"The Guardian" qəzetinin yazdığına görə, Britaniyanın xarici işlər naziri deyib ki, Rusiyanın onun ölkəsinin siyasətində pozuculuq törətmək qüdrətinə malik olduğuna dair inkaredilməz sübutlar mövcüddur. Yaxın həftələrdə özünün rusiyalı həmkarı ilə görüşməli olan Boris Conson deyib ki, Rusiya siyasi müdaxilə məqsədilə "hər cür çirkli fəndlərə" hazırdır. Nazir Rusiyanı Fransanın telekanallarının işini pozmaqda, ABŞ demokratlarının serverlərinə haker hücumunda, Çernoqroiyanın baş nazirini devirmək cəhdində ittiham edib.
Bu arada Britaniyanın ən mühüm kəşfiyyat orqanı - Hökumət Kommunikasiyaları Baş Qərargahı və ya qısaca GCHQ bildirib ki, hazırda onun başlıca fəaliyyəti siyasi sistemi hakerlərdən müdafiə etməkdir. Conson deyib ki, indilik Rusiyanın demokratik proseslərə müdaxiləsinə dair sübutları yoxdur, amma Rusiyanın belə müdaxiləyə qabil olduğu şəksizdir. GCHQ Britaniya siyasətçilərinə yazdığı məktubda onlara partiya və şəxsi sirlərin qorunması qayğısına qalmalarını tövsiyə edib.
"The Guardian" yazır ki, Kremlin casusları Almaniya siyasətinə müdaxilədə ittiham edildikdən sonra London Britaniya siyasətçiləri üçün xüsusi təhlükəsizlik seminarlarının keçirilməsinə hazırlaşır. Məktubda deyilir ki, haker hücumları təkcə ayrı-ayrı partiya və siyasətçilərə deyil, ümumilikdə Qərb demokratiyasına qarşı yönəlib. Boris Conson deyib ki, Ukraynada baş verənləri görəndən sonra Rusiyanın nələrə qadir olduğunu başa düşmək çətin deyil.
Britaniya parlamentinin spikeri Con Berkovun Rəqəmsal Demokratiya Komissiyası 2020-ci ilədək tam şəkildə elektron səsverməyə keçilməsinin mühümlüyünü qeyd etsə də, ölkənin xarici kəşfiyyat idarəsi Mİ6 bunu məsləhət görmədiyini bildirir. 2009-2014-cü ildə Mİ6-nın rəhbəri olmuş Con Savers BBC-nin Radio 4 proqramına deyib ki, hazırda kağız parçasının üstündə quş qoymaqla səs vermək, elektron səsvermədən daha salamatdır.