Hollandiyada iqtidar partiyası səsverməni uddu Dünya

Hollandiyada iqtidar partiyası səsverməni uddu

Hollandiyada keçirilən parlament seçkilərində baş nazir Mark Ruttenin mərkəz sağçı VVD (Azadlıq və Demokratiya Naminə Xalq Partiyası) partiyası 150 mandatdan 31-ni qazanaraq qalib gəlib. Anti-İslam təmayüllü Qert Vildersin Azadlıq Partiyası rəy sorğularının proqnozlaşdırdığı nəticələr əldə edə bilməyib. Vildersin partiyası başqa iki partiya ilə ikinci yeri bölüşür. Bu üç partiyanın hər biri 19 mandat qazana bilər.
"Bu axşam Niderland - Brekzitin, Amerika seçkilərinin ardınca - səhv yönümlü populizmə "dayan" dedi,"- Rutte qələbə çıxışında bəyan edib. Səsvermədə seçicilərin 81 faizi iştirak edib. "Avropanın təmsil etdiyi bütün dəyərlər - azadlıq, demokratiya və insan haqları – İslamla uzlaşmır,"- deyə Qert Vilders bəyan edib.
2012-ci ildə keçirilmiş bundan əvvəlki seçkidə seçicilərin 75 faizi iştirak etmişdi. Reuters agentliyi xəbər verir ki, Ruttenin qələbəsindən sonra bütün Avropa boyunca, xüsusilə də seçkilərə hazırlaşan Fransa və Almaniyada ənənəvi partiyalar "rahat nəfəs ala biləcəklər".
Seçkilər ərəfəsində populyarlığı yüksəlmiş Vilders İslam dininin Hollandiya dəyərlərinə zidd olduğunu və etiqadı müsəlman olan miqrantların ölkəyə gəlişinə məhdudiyyətləri təşviq edirdi. Əsasən sol-liberal təmayüllü Hollandiya seçiciləri arasında Vildersin mesajı rezonans doğurmağa başlayıb. Ankara ilə söz müharibəsində Rutte kəskin mövqe tutaraq millətçi elektoratın da rəğbətini qazana bilib.
Reuters agentliyi bildirir ki, Türkiyə ilə diplomatik qarşıdurma baş nazir Ruttenin partiyasına gözlənilməz təkan verib. Bundan əvvəlki təhlillər göstərirdi ki, Qert Vildersin partiyası seçkidə qələbə qazana bilər, lakin koalisiya hökuməti qurmaq imkanında olmayacaq. Vilders bəyan etmişdi ki, hakimiyyətə gələrsə, Hollandiyanın Avropa İttifaqından çıxmasına nail olacaq, ölkəyə müsəlman miqrasiyasını dayandıracaq, məscidləri bağlayacaq və Quranı qadağan edəcək.
Hollandiya parlamentinin proporsional təmsilçilik sistemi belədir ki, ümumilikdə 15 siyasi partiya seçkidən qalib çıxa bilər. İndiki halda Ruttenin koalisiya hökuməti qurmasına aylarla vaxt lazım gələcəyi gözlənilir. Rutte bu seçkini Avropa üçün "dörddə bir final" adlandırmışdı. Onun təbirincə Fransa seçkisi yarımfinal, Almaniya seçkisi isə final olmalıdır. Fransada ultra-sağçı Milli Cəbhənin lideri Marine Le Pen seçkinin ikinci turuna qatılacağına ümid edir. Almaniyada isə ilk dəfə olaraq ultra-sağçı Afd milli parlamentə daxil ola bilər.