“Türkiyə bu ölkəyə görə riskə getməyəcək” Dünya

“Türkiyə bu ölkəyə görə riskə getməyəcək”

Türkiyə heç vaxt ABŞ-la münasibətləri riskə ataraq İranla yaxınlıq etməyəcək.
Bu sözləri açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Türkiyə və İranın Qətərdə özəl maraqları var:"Türkiyə bu ölkədə hərbi bazasının yerləşdirilməsini mütləq ABŞ və digər NATO üzvləri ilə razılaşdırmalıdır. Hesab edirəm ki, Ankara bu məsələni çoxdan razılaşdırıb. Tehran isə sırf öz maraqları naminə Qətərin simasında özünə yaxın tərəfdaş axtarır. Qətər qaz ehtiyatlarına görə dünyada üçüncü yeri tutur. Bu gün Çinin Sibir axınından imtina etməsindən sonra Rusiyanın bu ərəb ölkəsinə marağı artıb. Hazırda Qətər böhranı fonunda gedən proseslərdə ən maraqlı məqam Türkiyə və İranın rəsmi Dohanı yaxından dəstəkləməsi və bu fonda Ankara və Tehranın yaxınlaşa biləcəyi məsələsidir. Ancaq Türkiyənin İranla məhz ABŞ səviyyəsində hər hansı bir əlaqəsi real görünmür. Çünki Türkiyə heç vaxt ABŞ-la münasibətləri riskə ataraq İranla yaxınlıq etməyəcək".
Politoloq bildirib ki, Qətərdən savayı, hazırda Türkiyənin qarşısında duran əsas maraqlardan biri də regionda ikinci bir kürd dövlətinin yaranmasını əngəlləməkdir:
"Bunun əksinə çıxan qüvvələrdən biri də elə məhz İrandır. Bildiyiniz kimi, İraq Kürd Regional Hökuməti sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçirməyi və bununla da məhz Suriya ərazisində Türkiyə ilə sərhəd olan və İsrailə oxşar ikinci kürd dövlətinin yaradılmasını hədəfləyir. Bu səbəbdən Qətər məsələsinə görə Türkiyənin İranla sona qədər yaxınlaşacağını söyləmək yanlış olardı".