Slavyanskda 54 separatçı öldürülüb Dünya

Slavyanskda 54 separatçı öldürülüb

Ukrayna ordusu 7 əsgər itirib

Ukrayna Daxili İşlər Nazirliyinin "Yaquar" xüsusi təyinat dəstəsi Slavyansk şəhəri yaxınlığında gedən döyüşlərdə 54 separatçını məhv edib.
APA-nın "UNN"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Qvardiyasının 1-ci batalyonunun komandiri Andrey Antonişak mətbuat konfransında bildirib.
"Dəstənin pusquya düşməsinə, onun snayper və qumbaraatanlardan atəşə tutulmasına baxmayaraq cavab atəşi ilə 54 separatçı öldürülüb", deyə Antonişak bildirib.
Bundan əvvəl verilən xəbərə görə, Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separaçılarla baş vermiş döyüş zamanı 7 hərbçi həlak olub.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Kramatorsk şəhərindən 20 km aralıda pusqu qurmuş 30-dək silahlı separatçı Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin kolonuna hücum edib.
Terrorçular hərbçiləri minaatanlardan və avtomat silahdan atəşə tutub. Minaatanlardan açılan ilk atəş nəticəsində 2 hərbçi hadisə yerində həlak olub, 3 nəfər isə yaralanıb. Döyüş nəticəsində, ümumilikdə, 7 hərbçi həlak olub, daha 8 nəfər isə yaralanıb.
Donetskdə isə separatçılar Ukrayna Şərq Bölgə Komandanlığı İdarəsinin rəisi Yuri Lebedi əsir götürüblər. "UNİAN"ın xəbərinə görə, Krımın işğalı zamanı Lebed yarımadada DİN Daxili Qoşunlarının xüsusi təyinat alayına komandanlıq edib.
Məlumata görə, Krım Rusiya tərəfindən işğal olunduqdan sonra ukraynalı zabit Rusiya vətəndaşlığını qəbul etməkdən imtina etmişdi.