Almaniya ABŞ-ın tələb etdiyi şübhəlini Türkiyəyə təhvil verdi Dünya

Almaniya ABŞ-ın tələb etdiyi şübhəlini Türkiyəyə təhvil verdi

ABŞ-ın Ədliyyə Departamenti bildirir ki, Almaniyanın Adem Yılmazı Birləşmiş Ştatlara təhvil verməkdənsə Türkiyəyə deportasiya etməsindən dərindən məyus olub. Birləşmiş Ştatlar Yılmaza 2015-ci ildə ittiham irəli sürüb. O, Əfqanıstan və Pakistan sərhədlərində ABŞ hərbi qüvvələrinə hücum etməkdə, 2008-ci ildə amerikalı əsgərlərin öldürülməsilə nəticələnmiş intiharçı hücumunu törədənə göstəriş verməkdə suçlanır.
Birləşmiş Ştatların Baş prokuroru vəzifəsini icra edən Matt Vaytaker ölkəsinin müttəfiqi barədə qeyri-adi dərəcədə sərt danışıb. O, fevralın 6-da deyib ki, ABŞ-ın ekstradisiya xahişinə baxmayaraq almaniyalılar bu həftə Yılmazı Türkiyəyə deportasiya ediblər. "Almaniyanın təhlükəli terrorçu Adem Yilmazı Türkiyəyə deportasiya etməsindən dərin məyus olmuşuq. O, iki amerikalı hərbçinin qətlində əli olduğuna görə Birləşmiş Ştatlarda mühakimə olunmalıydı", – Vaytaker deyib.
Onun sözlərinə görə, Almaniya hökuməti Yılmazı Türkiyəyə gedən təyyarəyə əyləşdirməklə onun məhkəmədən yayınmasına bilərəkdən kömək edib: "Almaniya hökuməti onu Birləşmiş Ştatlara ekstradisiya etməməyə görə hansısa məsuliyyət götürmür, müqavilə öhdəliklərinə sayqısızlıq göstərib, hüququn aliliyinə zərbə vurub". Birləşmiş Ştatların aparıcı rəsmisi "Bloomberg"-ə deyib ki, ABŞ Yılmazın Türkiyədə saxlanması üçün İnterpola müraciət edib. Almaniyanın Vaşinqtondakı səfirliyinin, eləcə də Dövlət Departamentinin rəsmiləri məsələni şərh etməyiblər.