Türkiyənin yeni baş naziri - Əhməd Davudoğlu Dünya

Türkiyənin yeni baş naziri - Əhməd Davudoğlu

Onun baş nazir olması ölkənin daxili və xarici siyasətinə necə təsir göstərəcək?

Cavid

Türkiyədə 10 avqust prezident seçkiləri ərəfəsi baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçiləcəyi təqdirdə onun postunu kimin tutacağı ilə bağlı diskussiyalar qızışıb.
Ərdoğan bu yaxınlarda jurnalistlərlə söhbətində deyib ki, "əgər baş nazir və partiya sədri postlarını fərqli adamlar tutsa, effektli işdən söhbət belə gedə bilməz".
Türkiyə mətbuatının verdiyi məlumata görə, hələ o zaman Ərdoğanın bu bəyanatı prezident Gülün baş nazir olmaq şansını azaldıb. Elə seçki ərəfəsində də Ərdoğanın vidalaşacağı kürsüyə ən çox ehtimal edilən namizəd kimi xarici işlər nazir naziri Əhməd Davudoğlunun adı çəkilirdi.
Bunu əsaslandıran amillərdən biri Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun məsləhətçisi Əli Sarıqayaya önəmli vəzifələrdən birin verilməsi idi.
Belə ki, Əli Sarıqayanın baş nazirin baş müşaviri vəzifəsinə təyin edilməsi kulislərdə bəzi şayiələrin dolaşmasına səbəb olmuşdu. Əli Sarıqayanın bu vəzifəyə təyin olunması ilə Əhməd Davudoğlunun öz heyətini yeni məqama doğru apardığı deyilirdi. Davudoğlu ilə Əli Sarıqaya universitet illərindən bu yana bir yerdə çalışıblar. Əli Sarıqaya Davudoğlunun bütün xarici səfərlərində iştirak edib.
Onu da bildirək ki, seçkilərdən sonra yeni yol xəritəsi üçün səylə çalışmağa başlayan Ərdoğanla AKP nümayəndələri ilk olaraq 27 avqustda iclas keçirib. İstər Rəcəb Tayyib Ərdoğan, istər AKP sədrinin müavini Mehmet Ali Şahin, istərsə də partiya sözçüsü Hüseyin Çəlik həmin iclasda partiyanın sədri olacaq şəxsin eyni zamanda baş nazir olacağına işarə etdilər.
Ötən günlərdə keçirilən partiya toplantılarından birində Ərdoğan partiya rəhbərliyinə "AKP sədri və baş nazir kim olmalıdır" sualını yönləndirib. Cavablar arasında xarici işlər naziri Əhməd Davudoğlunun adı ilk yerdə olub.
Davudoğlu ilə bağlı qərarı təbii ki, Ərdoğan verəcək, amma AKP tərəfdarlarının bir çoxunun Davudoğlunun namizədliyinə etiraz etmədiyi də ortadadır.
Türkiyə mediası bununla bağlı bir sıra araşdırmalar aparıb. Siyasi icmalçıların ehtimallarına əsasən, hakim qurum - Ədalət və İnkişaf Partiyası (AKP) hələ prezident seçkilərindən əvvəl baş nazir postuna namizəd ola biləcək şəxsləri müəyyənləşdirib.
AKP kuluarlarından verilən məlumatlara görə, bu siyahıda Türkiyənin 11-ci prezidenti, prezident postunu Ərdoğana təhvil verməyə hazırlaşan Abdullah Gül də ön sırada dayanırdı. Növbəti yerləri isə Binəli Yıldırım, Numan Kurtulmuş, Süleyman Soylu və Əhməd Davudoğlu tuturdu.
Lakin Abdullah Gülün baş nazir olması hüquqi prosedur baxımından mümkün deyil. Buna səbəb isə parlament tərəfindən seçilən baş nazirin deputat olmasının vacibliyidir. A.Gül isə Böyük Millət Məclisinin deputatı deyil.
Siyasi şərhçilərin fikrincə, A.Gülün bu iddiasının mümkünsüzlüyü xarici işlər naziri Əhməd Davudoğlunu önə çıxarıb.
AKP-dən olan deputatların mediadan qapalı saxlanılan iclasında da Davudoğlunun namizədliyinin veriləcəyinə dair ilkin razılaşmanın əldə edildiyi bildirilib.
Siyasi icmalçıların sözlərinə görə, araşdırmalar zamanı müəyyən etmək olur ki, AKP-nin sədri olacaq və buradan da baş nazir postuna irəli sürüləcək şəxs Əhməd Davudoğlu olacaq.
Türkiyənin səlahiyyət müddəti başa çatan prezidenti Abdullah Gülün iş adamları, sənətçilər, yazarlar, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçləri ilə vida görüşündə önəmli açıqlamalar verməsi Davudoğlunun baş nazir ola biləcəyi ilə bağlı söz-söhbətlərə nöqtə qoyub.
Belə ki, Abdullah Gül deyib ki, hakim Ədalət və İnkişaf Partiyasının qurultayı prezident səlahiyyətlərinin təhvil verilməsindən bir gün əvvəl keçiriləcək. Onun sözlərinə görə, fəaliyyətdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək.
Bəs Türkiyənin yeni baş naziri olacaq Davudoğlunun ölkəsinə nə verəcək? Politoloq Rufiz Qonaqov hesab edir ki, Əhməd Davudoğlu Türkiyə siyasətində önəmli simalardan biridir: "Heç kimə sirr deyil ki, Türkiyə AKP iqtidarı dönəmində beynəlxalq siyasətdə mühüm gedişlər edib və bu məsələdə xarici işlər naziri kimi Əhməd Davudoğlunun da böyük xidmətləri var. O, AKP iqtidarının ən uğurlu simalarından biridir. İndiki halda onun baş nazir gətirilməsi Türkiyə siyasətinə yeni nəfəs gətirəcək və idarəetmədə yeni mərhələnin əsasını qoyacaq. Bu mənada baş nazirliyə Davudoğlu seçiminin edilməsini yüksək qiymətləndirmək olar. O ki qaldı Abdulla Gülə, o, bütün bu mərhələləri keçib və onun yenidən baş nazir olmasına ehtiyac yoxdur. Türkiyədə ən yüksək vəzifə prezident vəzifəsidir və Abdulla Gül Türkiyə prezidenti olaraq ölkənin inkişafı baxımından ciddi islahatlar həyata keçirdi və adını tarixə yazdı".
İsrailli ekspert Arye Qut isə bildirib ki, Davudoğlu Türkiyənin son 10 ildə formalaşmış xarici siyasətinin arxitektorudur. Eyni zamanda Türkiyenin ərəb dünyasına yeni xarici siyasət strategiyasını formalaşdıran məhz Əhməd Davudoğludur: "Bu şəxs Türkiyənin "qonşularla sıfır problem siyasətini" hazırlayıb, amma son hadisələr onu göstərdi ki, bu siyasət fiaskoya uğradı. Daxili siyasətlə bağlı onu söyləmək olar ki, Davudoğlu Ərdoğanın siyasətini davam etdirəcək. Bu iki siyasətçi arasında çox yaxşı şəxsi əlaqələr mövcuddur".
Politoloq Elşən Həsənovun fikrincə isə Davudoğlunun Türkiyənin yeni baş naziri olması ölkənin xarici siyasətində heç bir dəyişiklik etməyəcək: "Türkiyənin xarici siyasəti məlumdur. Amma Ərdoğanını hökumətə başçılıq etdiyi dönəmlərdə rəsmi Ankaranın xarici siyasəti onun gələcəyini sual altında qoydu. Yaxın və Orta Şərq hadisələrində Türkiyənin tutduğu mövqe ona başucalığı gətirmədi. Yəni rəsmi Ankara qarşısına qoyuduğu və planlaşdırdığı məqsədlərinə çata bilmədi. İstər Suriya, istər İraq, istərsə də Dağlıq Qarabağ məsələsində. Daxili siyasətində də o qədər ürəkaçan məqamlar olmadı. Ərdoğanın erməni və kürd açılımı siyasəti ona başağrısı oldu. Həbslər, etiraz aksiyaları və s. problemlərin yaşanması Türkiyənin Avropada nüfuzunu zəiflətdi. Mənə elə gəlir ki, Davudoğlu Ərdoğanın siyasətini davam etdirəcək. Ona korrektələr edə bilməyəcəksə, Türkiyənin daxili və xarici siyasətindən müsbət heç nə gözləməyə dəyməz. Düzdür, Davudoğlu təcrübəli siyasətçidir. Amma bu ona əsas vermir ki, dünyada və regionun siyasi xəritəsindəki hadisələrdə Türkiyə səhv mövqedən çıxış etsin".